Xanımları IT və Biznes dünyasında kişilərdən 1 pillə önə çıxaran platforma – Wowoman

08.05.2017 0 PAYLAŞIM 7030 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Xanımlarsız həyatı təsəvvür etmək mümkün deyil. Elə kişilərsiz də… :) Bütün dünyada xanımlar və kişilər arasında bir gender bərabərliyi mübahisəsi gedir və bu illərdir davam etməkdədir. Hətta deyərdik ki, xanımlar öz hüquqlarını tələb etməklə, artıq kişilərdən də az qalsın daha önə çıxıblar. Bütün dünyanı və həyatımızı gözəlləşdirən xanımlar iş dünyasında da bir o qədər uğura və əvəzedilməz bir rola malikdirlər.

Bu məqaləmizdə sizə ölkəmizdə fəaliyyət göstərən və sözün əsl mənasında xanımları IT və biznes dünyasında inkişafa yönəldən bir platforma haqqında danışacağıq. Oxucularımızın çoxunun kişilər olduğu üçün bu platforma haqqında kifayət qədər məlumatlarının olmadığını düşünüb, bu yazını sizinlə paylaşmaq istədik ki, baxın görün xanımlarımız nələr edir. Söhbət azərbaycanlı gənc xanımların sevimlisi və dogma məkanına çevrilmiş "Wowoman " platformasından gedir.


Zara Apetrei Huseynova tərəfindən 2 il əvvəl təsis olunan "Wowoman " platforması bu ilin fevral ayının 19-u rəsmi olaraq 2 yaşını qeyd edəcək. "WoWoman " qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın və mümkünsüz görünən arzularını həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır. Əsasən sosial yönümlü olan bu platforma xanımların biznes yönümlü inkişafında onlara təməl biliklər aşılayır.

2 illik fəaliyyətləri müddətində "Wowoman " platforması 6000-dən çox xanıma 100-dən çox tədbirdə töhvə verib. Bu tədbirlərin arasında 15 uzun müddətli kurslar da yer alıb ki, bu da birbaşa şəxsi inkişaf, kariyera və IT-yə yönəlib.

"Wowoman " platforma olaraq bir neçə sahədə artıq ixtisaslaşıb və öz layihələrini təsis edib.

"WoWoman " – "Tech Tech Xanım " xanım layihəsi - adından da göründüyü kimi xanımların IT yönümlü inkişafına əsaslanan bir layihədir. Oracle DB, C++ və bir neçə uzun müddətli proqramlaşdırma dili kursları ilə layihə, xanımları ölkənin ən peşəkar təlimçiləri və IT mütəxəssisləri ilə görüşdürür. "Tech Tech Xanım " kurslarının əfsanəvi siması və müəllimlərindən olan Ramin Orucov- dan sonra bu çətin vəzifə Kamran Ağayev -ə keçib. "Wowoman Tech Tech Xanım " layihəsinin meneceri isə Gunay Kazımzadə-dir.


"WoWenture " – "WoWoman "ın xüsusi layihələri sırasında "WoWenture " xanımlar üçün sahibkarlıq proqramını vurğulamaq lazımdır. Belə ki, öz işini qurmaq istəyən, ideyasını biznesə çevirmək və investisiya yatırımı axtaran xanımlar üçün fürsət yaradan layihə Kəmalə İsmayılova və Günel Hüseynovanın rəhbərliyi ilə fəaliyyət göstərir. Bu layihənin əsas məqsədi xanımlarda sahibkarlıq vərdişləri yaratmaq, onları bu sahəyə cəlb etməkdir. Layihə, mütəmadi olaraq öz biznesini qurmaq istəyən xanımlara dəstək məqsədilə müxtəlif tədbirlər və kurslar təşkil edir. Layihə haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.


WoWoman HR Academy - Çinara Əliyevanın rəhbərliyi ilə təşkil olunan bu kurslar təmənnasız olaraq xanımlara İnsan Resursları üzrə qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verir. Proqram müddəti ərzində "Deloitte”, BP, "European Tobacco”, "Azercell Telekom”, "Keel Academy” şirkətlərin mütəxəssisləri öz bilik və təcrübələrini bu kurslarda seçilmiş xanımlarla bölüşürlər.


Əlavə olaraq qeyd edək ki, "Wowoman " Azərbaycanda (Bakı və Gəncə) aktiv fəaliyyəti ilə yanaşı qlobal arenada da öz işini davam etdirir. Belə ki, Wowoman - Odessa, Lahore, Bishkek kimi şəhərlərdə faəliyyətdədir. 

Şəxsi yanaşmamıza görə Azərbaycan kimi bir bazarda bu tipli ənənələri yaratmaq, xanımlara və ekosistemə töhvə vermək böyük bir işdir. 2 illik fəaliyyət ərzində platforma bir çox xanım mütəxəssislərin yetişməsində, onların şəxsi biznes qurması yönümündə böyük əməyə sahibdir. Təkcə, "Tech Tech Xanım " kurslarında iştirak edən xanımlardan bir neçəsi hal-hazırda mütəxəssis olaraq müxtəlif şirkətlərdə çalışır. "Wowoman " məzunu olan xanımlar öz şəxsi startaplarını yaratmaqla bazarda rəqabətə qoşulublar.

İkinci ilinin uğurları qeyd etmək, həyata keçirilən layihələrin hesabatını vermək məqsədilə "WoWoman " 19 fevral Fairmont Baku otelində media nümayəndələri, tanınmış simaları, təlimçiləri, səfirliklər və nazirliklərin, dövlət qurumları və özəl sektorun təmsilçilərini bir araya gətirəcək. Həmçinin, qonaqlar həmin gün üçüncü ilin fəaliyyət planı ilə tanış olacaqlar və yeni layihələrin başlanma tarixləri haqqında məlumat alacaqlar.

Tədbirdə iştirak isə yalnız dəvətnamə ilə olacaq. Daha ətraflı

Əməkdaşlıq etdiyimiz "Wowoman” platformasını 2 yaşı münasibəti ilə şirkətimiz adından təbrik edirik.