Yuxu çatışmamazlığı sağlamlığa təsir edir. Tam yuxusuzluq isə isə ciddi fəsadlara yol aça bilər. Bu ciddi fəsadlar hansılardır?
Yuxu orqanizmin dincəlməsini, gün ərzində qəbul olunmuş məlumatların yaddaşda qalmasını və immunitetin güclənməsini təmin edir. Yuxu çatışmamazlığı halında isə orqanizmin bütün iş prinsipi pozulur. Bu vasitə çox zaman işgəncə üsulu kimi istifadə olunur. Yuxudan məhrum olmuş insanlar istənilən sirli məlumatı aça və ya istənilən etiraf dolu sənədi imzalaya bilərlər. Bununla belə mütəxəssislərin sözlərinə görə bu cür üsul xüsusi təşkilatlara lazımi nəticəni vermir. ABŞ senatına təqdim olunmuş hesabatdakı məlumatlara əsasən yuxu çatışmamazlığı nəticəsində insan qarabasmalarla qarşılaşaraq öz hərəkət və düşüncələri haqqında beyninə hesabat verməkdən imtina edir. Bundan sonra həmin şəxs yalan və ya doğru məlumatı verə bilər. Bundan əlavə olaraq bir sutka yuxusuzluq bəs edir ki, beynin iş prinsipi pozulsun. Alman alimlərinin müşahidə sonrası hesabatlarında qeyd olunub ki, 24 saat yuxusuz qaldıqdan sonra insanda şizofreniyanın yüngül əlamətləri özünü biruzə verir. Məsələn zaman axınının pozulması, bədən hissiyatlarının dəyişilməsi, işığa qarşı yüksək həssaslıq, rənglərin səhv qəbul olunması və anlaşılmaz danışıq qabiliyyəti. Təbii ki, insanın emosional xüsusiyyəti də dəyişir. Yuxusuzluq nə qədər çox olarsa emosionallıq bir o qədər sərt olar. Yəni gülüş ani olaraq göz yaşlarına çevrilə bilər. Uzun zaman sürən yuxusuzluq zamanı beyindən sonra bədən də iş prinsipini pozur. Kiçik fəsadlar arasında boğaz ağrısı və asqırıq, ciddi fəsadlar arasında isə həzm sisteminin pozulması, şəkər xəstəliyinin yaranması, görmə qabiliyyətinin zəifləməsi, qan təzyiqinin yüksəlməsi, çəkinin artma və azalması müşahidə olunur.