2026 üçün 19 yeni emoji təqdim olunub
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Unicode Konsorsiumu 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan 19 yeni emojinin ilkin siyahısını açıqlayıb. Emojipedia tərəfindən paylaşılan bu emojilər hələlik “draft” mərhələsindədir və rəsmi status almaları üçün müəyyən dəyişikliklərə məruz qala bilərlər.
Yeni emojilər arasında ən çox diqqət çəkənlərdən biri yaşıl turşu (pickle) emojisi hesab olunur. Geniş istifadə potensialına malik bu emoji artıq indidən favorit kimi göstərilir. Siyahıda həmçinin atmosferə daxil olarkən yanan meteor, həşərat tutmaq üçün istifadə edilən tor, eləcə də “eraser” emojisi yer alır.
Bundan əlavə, 10 yeni dəri tonu variantı və sola və sağa yönəlmiş baş barmaq jestləri də siyahıya daxil edilib. Emojipedia emojilərin ilkin vizual nümunələrini paylaşsa da, onların son dizaynı platformalara görə dəyişə bilər. Apple, Google və digər şirkətlər emojiləri öz dizayn dillərinə uyğun şəkildə hazırlayacaqlar.
Qeyd edək ki, bu emojilərin rəsmi siyahısının 2026-cı ilin sentyabrında təsdiqlənməsi gözlənilir. Lakin Apple istifadəçiləri üçün emojilərin dərhal əlçatan olması ehtimalı azdır. Gözləntilərə görə, yeni emojilər iOS 27-nin əsas yeniləməsi ilə deyil, ilin sonuna doğru yayımlanacaq ara versiyalardan birində təqdim oluna bilər. Hətta bəzi hallarda buraxılışın 2027-ci ilə keçməsi də mümkündür. Hazırda isə Apple hələ Unicode 17 emojilərini də sistemlərinə əlavə etməyib. Şirkət daha əvvəl bu emojilərin iOS 26.4, macOS 26.4 və digər uyğun versiyalarla birlikdə 2026-cı ilin sonlarında təqdim olunacağını açıqlamışdı.
Paylaş
Bənzər xəbərlər