4Sİ Akademiyası Milli Proqramının 3-cü mərhələsi iyunda başlayacaq
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4SİM “4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində tərəfdaş qurumlarla görüş keçirib. Tədbirdə gələcəyin əmək bazarında tələb olunan bacarıqlar və proqramın nəticələri müzakirə olunub.
Technote.az xəbər verir ki, 2025-2026-cı illəri əhatə edən mərhələdə proqramdan 67 mindən çox istifadəçi yararlanıb, 107 mindən artıq sertifikat əldə edilib. Bu nəticələr proqramın rəqəmsal bacarıqların inkişafına töhfəsini əks etdirir.
Təqdimatda bildirilib ki, Azərbaycan dilinə tərcümə olunmuş 2500 təlim üzrə 18 600-dən çox istifadəçi 57 mindən artıq təlim keçib, 41 700-dən çox təlim isə tamamlanıb. Proqram çərçivəsində süni intellekt, data elmi, kibertəhlükəsizlik və digər aktual sahələr üzrə öyrənmə imkanları təqdim olunur.
Görüşdə vurğulanıb ki, gələcək əmək bazarında süni intellekt, kibertəhlükəsizlik, data analitikası, bulud texnologiyaları və avtomatlaşdırma üzrə bacarıqlara tələbat artacaq. Bununla yanaşı, liderlik, analitik düşüncə, çeviklik və ömürboyu öyrənmə kimi yumşaq bacarıqlar da ön plana çıxacaq.
Tədbirdə “4Sİ Akademiyası - Milli Proqram”ın daha 1 il uzadıldığı açıqlanıb. Bildirilib ki, proqramın 3-cü mərhələsinin 22 iyun 2026-cı ildə başlaması gözlənilir və bu mərhələdə əlavə 750 təlimin Azərbaycan dilinə tərcüməsi nəzərdə tutulur.
Paylaş
Bənzər xəbərlər