
5 arxa kameraya sahib Nokia modelinin adı məlum oldu
İnternetdə HMD Global şirkətinin növbəti flaqman Nokia modelinin adı barəsində məlumat yayıldı. Məlumatı məşhur insayder Roland Quandt verib. Onun sözlərinə əsasən 5 arxa kameraya sahib Nokia modeli Nokia 9 PureView adlanacaq. Qeyd etmək lazımdır ki, HMD Global şirkəti hələ bu ilin Avqust ayında PureView brendini əldə ertmişdi. Bu brend əvvəlki Nokia modellərində də istifadə olunurdu və o əsasən yüksək keyfiyyətli kameralara sahib Nokia modellərində tətbiq olunurdu.
Nəzərə alsaq ki, şirkətin yeni flaqman modeli 5 arxa kameraya sahib olacaq, onun PureView brendi ilə adlandırılması məntiqlidir. Əvvəlki məlumat sızıntılarına əsasən Nokia 9 PureView OLED ekranla təchiz olunacaq və ekranın üzərində çıxıntı hissə olmayacaq. Çox güman ki, smartfon Qualcomm şirkətinin yeni flaqman prosessoru əsasında çalışacaq və 6/8 GB RAM ilə təchiz olunacaq. Son məlumatlara inansaq Nokia 9 PureView modelinin təqdimatını bu il gözləməyə ehtiyac yoxdur. Çox güman ki, smartfon gələn ilin əvvəlində keçiriləcək MWC 2019 sərgisində təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər