56 milyard dollarlıq Tesla kompensasiyası yenidən qüvvədədir
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Delaver Ali Məhkəməsi Elon Musk üçün 2018-ci ildə təsdiqlənmiş 56 milyard dollarlıq Tesla maaş paketini bərpa edib. Cümə günü yayımlanan qərarla məhkəmə ötən il Delaver Kansler Məhkəməsinin verdiyi ləğv qərarını qüvvədən salıb.
Bu qərar illərlə davam edən hüquqi mübahisəyə nöqtə qoyur. Məhz bu proseslərdən sonra Elon Musk Tesla-nın hüquqi qeydiyyatını Delaverdən Texasa köçürmüş, bu addım digər şirkətlərin də oxşar qərarlar verməsinə səbəb olmuşdu. Qərardan sonra Tesla böyük ehtimalla bu ilin əvvəlində Musk üçün təklif etdiyi 29 milyard dollarlıq alternativ maaş paketini ləğv edəcək. Həmin paket Delaver Ali Məhkəməsində mümkün məğlubiyyət riskinə qarşı ehtiyat variant kimi hazırlanmışdı.
Qeyd edək ki, 2024-cü ilin noyabrında Musk üçün təsdiqlənmiş və şirkətin bazar dəyəri ilə bağlı hədəflərə əsaslanan 1 trilyon dollarlıq kompensasiya mexanizmi isə ayrıca paketdir və qüvvədə qalır. Bu model Musk-ın gələcək illərdə yüksək göstəricilərə nail olmasını şərtləndirir. 2018-ci il maaş paketi də konkret maliyyə və bazar dəyəri hədəflərinə əsaslanırdı. Tesla və Musk bu göstəricilərin hamısına nail olsa da, həmin ildə bir səhmdar paketin düzgün danışıqlar nəticəsində formalaşmadığını və maraqlar toqquşmasının investorlarla tam paylaşılmadığını əsas gətirərək məhkəməyə müraciət etmişdi.
Uzun sürən proses, o cümlədən Musk-ın şəxsən ifadə verdiyi məhkəmə iclaslarından sonra Kansler Məhkəməsi 2024-cü ilin yanvarında paketi ləğv etmişdi. Tesla səhmdarları isə 2024-cü ildə keçirilən illik yığıncaqda paketi yenidən təsdiqləsələr də, məhkəmə bu qərarı dekabrda bir daha rədd etmişdi. Şirkət bundan sonra Ali Məhkəməyə apellyasiya vermişdi və indiki qərar məhz həmin müraciətin nəticəsidir.
Paylaş