main-post-cover

    700 bal toplayanlar haradadır, nə edir? [Araşdırma]

    30.07.2018
    Farid Pardashunas
        Ekspetlər də qeyd edir ki, əsaslı təhsil gələcək uğurların təmələni qoya bilər. Texnologiya sahəsində uğur qazanan insanlarla söhbətimiz zamanı da onlar fəaliyyətlərində təhsil sisteminin önəmini vurğulayır.
        Təsadüfi deyil ki, son illər Azərbayanda da təhsil ilə bağlı ciddi işlər həyata keçirilir, sahənin təkmilləşdirilməsi üçün yeni layihələr irəli sürülür.
        Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən hər il ali məktəblərə hazırlaşan abituriyentlər üçün qəbul imtahanları keçirilir. Hər il ixtisas qrupları üzrə müəyyən sayda abituriyent 700 bal toplayır.
        Qəbulda belə nəticə göstərənlər isə cəmiyyətdə birmənalı qəbul edilmir. Belə ki, hər kəsin əldə etmək istədiyi bu rekord göstərici ciddi müzakirələrə səbəb olur.
        Əksər vaxt məsələyə müsbət yanaşma görürük, amma bəzən belə iddialarla da qarşılaşırıq ki, həmin abituriyentlər bu nəticəni təsadüfi toplayır. Həmçinin, onların üniversitet dərslərində uğursuz olması da iddialar arasındadır. Qeyd edilir ki, bu şəxslər qəbul imtahanlarında 700 bal toplasa da, təhsil aldıqları müddətdə göstəricilər aşağı olur.
        Bu səbəblərə görə 700 bal toplamağın növbəti uğurlarda, gələcək karyera fəaliyyətlərində o qədər əhəmiyyət kəsb etmədiyi müzakirə edilir.
        Technote.az olaraq qeyd edilən məsələ ilə bağlı yaxından maraqlandıq. Görəsən, müxtəlif dövrlərdə 700 bal toplayan tələbələr haradadır, nə işlə məşğul olurlar?
    Məmməd Hacılı 2014-cü ildə 700 bal toplayaraq Bakı Mühəndislik Universitetinin ( keçmiş Qafqaz Universiteti) Kompüter Mühədisliyi fakültəsinə qəbul olub.
        O, Technote.az-a bildirib ki, bu il universiteti 98.5 ortalama ilə bitirib. Öyrənirik ki, Məmməd Hacılı sentyabr ayından İsveçrə Federal Texnologiya İnstitutunda Kompüter Elmləri üzrə magistratura təhsilinə başlayacaq. Qeyd edək ki, M.Hacılı tələbə olduğu vaxtda Azercell şirkətinin tələbələr üçün üçün elan etdiyi təqaüd proqramına seçilərək şirkətdə təcrübə də keçib. O, həmçinin 2017-ci ilin yayında İsveçrənin Cenevrə şəhərində Avropa Nüvə Tədqiqatları Mərkəzində maşın öyrənmə üzrə elmi araşdırma təcrübəsində olub.
        Aytən Paşazdə də 2013-cü ildə 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin ( ATU) müalicə profilaktika fakültəsinə daxil olub. A.Paşazdə bir il ATU-da təhsil aldıqdan sonra Türkiyənin Uludağ Universitetinə sənədlərini göndərir və qəbul olur.
        Sonra o, Uludağ Universitetində birinci kursdan təhsil almağa başlayır. Aytən Paşazdə saytımıza bildirib ki, hazırda 5-ci kursda təhsil alır.
        Əli İsgəndərov isə 2015-ci ildə 700 bal toplayan tələbələrdəndir. O, ADA Universitetinin Beynəlxalq Münasibətlər ixtisasına qəbul olub. Ə. İsgəndərov bildirib ki, ADA-nın exchange proqramı ilə ötən semestr Estoniyanın Tartu Universitetində təhsil alıb.
        Onun ortalama GPA nəticəsi hazırda 4.00 üzərindın 3.97-dir.
    Əli İsgəndərov İsveçin Uppsala Universitetində Visby proqramı ilə Siyasi Elmlər ixtisası üzrə magistratura təhsili almağı planlayır.
    Orxan Səfərov da 2012-ci ildə 700 bal toplayaraq Qafqaz Universitetində (indiki BMU) Sənayenin təşkili və idarə olunması ixtisasına qəbul olub. O, 2017-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib.
        Söhbətimiz zamanı öyrənirik ki, Orxan Səfərov bakalavrı bitirdikdən sonra BMU-nə magistr pilləsinə qəbul olub və eyni zamanda işləmək qərarına gəlib.
    Hazırda o, "Big 4" şirkətlərindən olan "Ernst & Young" şirkətində Audit Advanced Staff vəzifəsində çalışır.
    Emil Abbsov 2007-ci ildə 700 bal ilə Bakı Dövlət Universitetinin İnformatika fakültəsinə qəbul olub. O, həmin il Xaricdə Təhsil üzrə Dövlət Proqramı ilə Cənubi Koreyanın Kyung Hee Universitetinin Kompüter Mühəndisliyinə qəbul olur və təhsilinə orada davam etmək qərarına gəlir.
        E. Abbasov həmçinin 2013-də Nyu York Universitetində Kompüter Mühəndisliyi üzrə magistratura oxuyub. O, hazırda ADA Universitetində “Instructor of Computer Science” (Kompüter Elmləri) üzrə müəllim işləyir.
    Anar Kərəmov da 2008-ci ildə 700 bal toplayaraq ATU-nun müalicə profilaktika fakültəsinə qəbul olub. O, 3-cü kursu bitirdikdən sonra təhsilini Türkiyənin Samsun 19 Mayıs Universitetində davam etdirib.
        Anar Kərəmov Türkiyədə oxuduğu 3 il müddətində prezident təqaüdü alıb. 2016-cı ildə isə tibb sahəsində mütəxəssis imtahanını qazanıb və həmin vaxtdan Ankara Universitetində Ortopedia Travmatologiya və Əl cərrahiyyəsi klinikasında köməkçi həkim olaraq fəaliyyətini davam etdirir.
        Elvin Dadaşsoy 2008-ci ildə 700 bal toplayaraq Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə fakültəsinə daxil olub. O, bu nəticəsinə görə Prezident tərəfindən ev ilə mükafatlandırılıb.
        E. Dadaşsoy təhsil aldığı müddətdə 2 dəfə İngiltərədə universitetə qəbul olub, amma ixtisas prioritet olmadığı üçün xaricdə təhsil üzrə Dövlət proqramına düşə bilməyib deyə müxtəlif sahələrdə işləməyə başlayıb.
        Öyrənirik ki, 2013-cü ildə hərbi xidmətdən döndükdən sonra borc ilə kiçik bir təhsil mərkəzini alıb və sıfırdan inkişaf etdirməyə başlayıb. Daha sonra Panda School Uşaq inkişaf mərkəzi brendini yaradıb.
        Qeyd edək ki, hazırda Panda School-un Bakı, Sumqayıt, Xırdalan, Masazır, Yevlax və Qusarda 10 filialı var. O, təhsil ilə yanaşı, kosmetologiya sahəsində bir ildir uğurlu fəaliyyət göstərən bir biznesini də qurub.
        E. Dadaşsoy həmçinin sıfırdan biznesin qurulması uzrə Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisidir, "Öz biznesinə başla" adlı 40 saatliq təlim keçir. Bu təlimlər “Dadaşsoy Business School” platforması üzərindən təqdim edilir. Həmin platformadan ötən illər ərzində 54 məzun olub.Onlardan əksəriyyəti öz biznesini qurub.
        O, universitetlərdə hər il 1000-dən çox tələbəyə ödənişsiz seminarlar keçir.
        Elvin Dadaşsoyun ən böyük arzusu 30 yaşında "İnvestisiya idarəolunması" istiqamətində 1 illik MBA təhsili almaqdır.
        Ləman Məmmədova  2011-ci ildə 700 bal ilə Qafqaz Universitetinə qəbul olub. Orada 3 il təhsil aldıqdan sonra 2014-2017-ci illərdə Dövlət Proqramı ilə Londonda UCL-də bakalavr oxuyub.
        O, hazırda Step Academy-də çalışır.
        Əli Əliyev də 700 bal toplayanlar sırasındadır. O, 2011-ci ildə Qafqaz Universitetinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi fakültəsinə qəbul olub.
        3 ildən sonra oradakı təhsilini yarımçıq saxlayıb Dövlət Proqramı ilə London Universitetinin Kompüter elmləri fakültəsinə qəbul olub. Hazırda İngiltərədə bir şirkətdə software engineer kimi işləyir.
    Nurlan Əhmədgil isə 2008-ci ildə 700 bal ilə Bakı Dövlət Universitetinin BM/BH fakültəsinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisasına daxil olub. 2012-ci ildə oranı bitirdikdən sonra Qafqaz Universtitetinin MBA İT Management ixtisası üzrə təhsil alıb.
        O, 2013-ci ildən 2015-ə qədər Leading Supply Solutions LLC şirkətinin Bakı ofisində Procurement and Logistics Manager vəzifəsində işləyib. 2015-ci ildən bugünə kimi isə həmin şirkətin Gürcüstan ofisində eyni vəzifədə fəaliyyətinə davam edir.
        Cahandar Camallı da 2012-ci ildə 700 bal toplayaraq Qafqaz Universitetinə qəbul olub. Bir il burada oxuduqdan sonra təhsilini dayandıraraq Dövlət Proqramı ilə Kanadanın Toronto Universitetinin kompüter mühəndisliyi ixtisasında bakalavra başlayıb. Məzun olan kimi iş təklifi alır və həmin vaxtdan bir startapda Senior Software Engineer işləyir.    
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər