ABŞ-də ekoloji icazə qaydaları dəyişir
Technote.az “Ars Technica” platformasına istinadən bildirir ki, ABŞ Nümayəndələr Palatası federal ekoloji icazə prosesini köklü şəkildə dəyişdirən SPEED Act adlı qanun layihəsini qəbul edib. Qanun layihəsi ətraf mühitlə bağlı qiymətləndirmə prosedurlarını əhəmiyyətli dərəcədə sadələşdirir və qısaldır. Lakin son anda edilən dəyişikliklər təmiz enerji tərəfdarlarının və bəzi Demokratların dəstəyini geri çəkməsinə səbəb olub.
“Standardizing Permitting and Expediting Economic Development Act” (SPEED Act) adlanan qanun layihəsi 221 lehinə, 196 əleyhinə səslə qəbul edilib. Sənəd Respublikaçı Bryus Vesterman tərəfindən təqdim olunub və Demokrat konqresmen Cared Qolden tərəfindən dəstəklənib. Layihə indi Senata göndərilib və orada taleyi hələ qeyri-müəyyəndir. Qanun layihəsi 1970-ci ildə qəbul edilmiş və federal layihələrin ekoloji təsirlərinin qiymətləndirilməsini tələb edən Milli Ətraf Mühitin Qorunması Aktına (NEPA) dəyişikliklər etməyi nəzərdə tutur. Tərəfdarlar bildirir ki, mövcud sistem çox mürəkkəbdir və enerji, infrastruktur və yaşayış layihələrinin illərlə gecikməsinə səbəb olur.
SPEED Act NEPA çərçivəsində aparılan ekoloji baxışların əhatə dairəsini daraldır, bəzi layihələri bu yoxlamalardan tam azad edir və məhkəməyə müraciət müddətini kəskin şəkildə azaldır. Belə ki, indiyədək federal icazələrə qarşı iddia qaldırmaq üçün 6 il vaxt verilirdisə, yeni qanun bu müddəti cəmi 150 günə endirir. Bundan əlavə, yalnız birbaşa zərər görəcəyini sübut edən şəxslərə məhkəməyə müraciət etmək imkanı tanınır.
Ətraf mühit təşkilatları və bərpa olunan enerji sektoru isə bu dəyişikliklərin xüsusilə neft-qaz layihələrinə üstünlük yaradacağını, külək və günəş enerjisi layihələrinin isə risk altına düşəcəyini bildirir. Tənqidçilərə görə, son anda edilən düzəlişlər Donald Trump administrasiyasına bərpa olunan enerji layihələrinin icazələrini ləğv etmək üçün əlavə imkanlar yaradır.
Paylaş
Bənzər xəbərlər