ABŞ-də oyun alışını mülkiyyət sayan qanun layihəsi irəli sürüldü
ABŞ Konqresində videooyun alanlara həmin oyuna həqiqətən sahib olmaq hüququ vermək üçün “Power To The Players Act” adlı qanun layihəsi irəli sürülüb. Layihənin müəllifi Nyu-Yorkun Bronks bölgəsini əhatə edən 15-ci seçki dairəsinin nümayəndəsi Ritchie Torresdir. Sənəd qəbul olunsa, Federal Ticarət Komissiyası oyun alışını sadəcə istifadə icazəsi deyil, mülkiyyət kimi tanıyan qaydalar hazırlamalıdır. Yəni oyun üçün pul ödəyən şəxs onun sahibi sayılacaq.
Layihənin irəli sürülməsinin əsas səbəblərindən biri oyunların getdikcə daha çox şirkət serverlərindən asılı qalmasıdır. Şirkət serveri söndürəndə istifadəçinin pul ödədiyi oyun tam və ya qismən işləməyə bilər. Torres buna son nümunə kimi “NBA 2K25” oyununu göstərib. “2K” ayın sonunda oyunu rəqəmsal mağazalardan çıxaracaq və serverlərini 31 dekabrda bağlayacaq. Nəticədə oyunun bəzi funksiyaları işləməyəcək.
Son vaxtlar oyunçuların aldıqları oyunları yenidən satmaq və ya başqasına ötürmək hüququ da müzakirə olunur. “Sony”nin 2028-ci ildən fiziki oyun disklərindən tədricən imtina etməyi planlaşdırdığını açıqlamasından sonra narahatlıq daha da artıb. Torresə görə, şirkət bağlantını kəsən kimi əlçatmaz olan oyun əslində satış adı altında verilən icarədən fərqlənmir. Qanun layihəsinin məqsədi oyunçuya sadəcə oynamaq icazəsi deyil, oyunun özünə sahiblik hüququ verməkdir.
Layihəyə əsasən, oyun hazırlayan şirkətlər dəstək serverlərini bağlamazdan əvvəl oflayn rejim yaratmalıdır. Bununla oyun internetə və şirkətin serverinə qoşulmadan da işləməlidir. Pensilvaniyada senator John Kane-in irəli sürdüyü “Protect Our Games Act” layihəsində də oxşar yanaşma var. Həmin sənədə görə, şirkətlər 3 seçimdən birini etməlidir: oflayn rejim yaratmaq, şirkətin serverlərindən asılı olmayan onlayn rejim açmaq və ya oyun dayandırıldıqda ödənilən məbləğin ən azı 25 faizini geri qaytarmaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar