ABŞ kosmik sənayesində mühüm dəyişiklik!
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, SpaceX-in əsas rəqiblərindən biri olan United Launch Alliance (ULA) şirkətinin baş icraçı direktoru Tory Bruno 12 ildən sonra vəzifəsindən istefa verib. Şirkət onun başqa bir fürsəti dəyərləndirmək üçün ayrıldığını açıqlayıb.
ULA-nın idarə heyətinin sədrləri Robert Lightfoot və Kay Sears birgə bəyanatda Bruno-nun həm şirkətə, həm də ABŞ-yə verdiyi töhfələrə görə təşəkkür ediblər. Bu istefa kosmik buraxılış bazarında rəqabətin kəskinləşdiyi bir dövrə təsadüf edir. SpaceX son illərdə buraxılış sayını ciddi şəkildə artırıb, Blue Origin isə New Glenn ağır sinif raketinin ilk uçuşlarından sonra bazarda daha ciddi oyunçuya çevrilib.
2006-cı ildə Boeing və Lockheed Martin-in kosmik bölmələrinin birləşməsi ilə yaradılan ULA uzun müddət NASA və ABŞ Müdafiə Nazirliyi üçün əsas buraxılış təminatçısı olub. Lakin SpaceX-in bazara daxil olması ilə bu üstünlük tədricən azalıb. Tory Bruno-nun rəhbərliyi dövründə ULA-nın ən böyük layihəsi yeni nəsil Vulcan raketinin hazırlanması idi. Layihənin məqsədi həm SpaceX ilə rəqabət aparmaq, həm də ABŞ-nin Rusiyaya məxsus raket mühərriklərindən asılılığını azaltmaq olub. Mühərriklər Blue Origin tərəfindən təmin edilsə də, Vulcan proqramı çoxsaylı gecikmələr yaşayıb və ilk uçuşunu yalnız 2024-cü ildə həyata keçirib.
Bu müddət ərzində SpaceX dünyanın ən dominant kosmik buraxılış şirkətinə çevrilib və həm dövlət, həm də özəl missiyalarda üstünlük qazanıb. Hazırda Vulcan raketi Amazon-un aşağı orbit internet peykləri və Astrobotic kimi müştərilər üçün nəzərdə tutulub. ULA gələcəkdə raketlərin yenidən istifadə oluna bilən versiyalarını və daha ağır yüklər daşıya biləcək modelləri də planlaşdırır.
Bruno isə X platformasında paylaşımında bildirib ki, “Vulcan-ı xidmətə gətirmək böyük şərəf idi və ULA-nı bundan sonra da dəstəkləyəcək”. Şirkət müvəqqəti CEO vəzifəsinə əməliyyatlar üzrə direktor John Elbon-u təyin edib və daimi rəhbər axtarışına başlayıb.
Paylaş
Bənzər xəbərlər