Logo
    main-post-cover

    Adobe-un 18 illik CEO-su Shantanu Narayen vəzifəsindən ayrılmağa hazırlaşır

    Digər
    13.03.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Adobe-nin uzunmüddətli baş icraçı direktoru Shantanu Narayen 18 ildən sonra vəzifəsindən ayrılmağı planlaşdırdığını açıqlayıb. Şirkətin bildirdiyinə görə, Narayen-in istefasının dəqiq tarixi hələ müəyyənləşməyib və o, direktorlar şurası yeni CEO təyin etdikdən sonra işi tərk edəcək. Narayen isə şirkətin idarə heyətinin sədri kimi fəaliyyətini davam etdirəcək.
        Narayen-in rəhbərliyi dövründə Adobe texnologiya sənayesində mühüm transformasiya yaşayaraq ənənəvi proqram satış modelindən abunə əsaslı “software-as-a-service” (SaaS) modelinə keçid edib. Şirkətin Photoshop, Illustrator, Premiere və Lightroom kimi məşhur proqramları uzun illər yaradıcı sahələrin əsas alətlərindən biri olub. Daha sonra təqdim edilən və hazırda Creative Cloud adı ilə tanınan abunə sistemi isə istifadəçilər üçün sektorun ən böyük dəyişikliklərindən biri sayılır.
        Adobe SaaS modelinə keçən ilk şirkət olmasa da, bu strategiyanı uğurla tətbiq edən ilk böyük texnologiya şirkətlərindən biri kimi qiymətləndirilir. Bu dönüş şirkətin biznes modelini kökündən dəyişərək davamlı gəlir axını yaratmasına imkan verib.
        Narayen əməkdaşlara göndərdiyi məktubda rəhbərlik etdiyi təxminən iki onillik dövrü dəyərləndirib. Onun sözlərinə görə, bu müddətdə Adobe-un işçi sayı təxminən 3 mindən 30 mindən çox əməkdaşa yüksəlib, şirkətin illik gəliri isə 1 milyard dollardan 25 milyard dollardan artıq səviyyəyə çatıb.
        O, həmçinin şirkətin gələcəyində süni intellektin əsas rol oynayacağını vurğulayıb və bildirib ki, yaradıcılığın növbəti mərhələsi artıq AI texnologiyaları, yeni iş prosesləri və yeni ifadə formaları ilə formalaşır.
    Paylaş