AICodeWith brauzerdə pulsuz oynanan Taipei GTA oyununu təqdim etdi
“AICodeWith” brauzerdə pulsuz oynanan “Taipei GTA” oyununu yayımlayıb. Quraşdırma tələb etməyən layihə çıxdıqdan sonra 3 gün ərzində 1,2 milyon eyni vaxtlı oyunçu toplayıb. “GTA” seriyasından ilhamlanan oyunda açıq şəhəri gəzmək və cinayət mövzulu hadisələrə qoşulmaq olur. Oyuna birbaşa brauzerdən daxil olmaq olar.
“Taipei GTA” süni intellekt modellərinin köməyi ilə “AICodeWith” platformasında hazırlanıb. Platformada “DeepSeek”, “Qwen”, “Kimi”, “GLM” və 30-dan çox model var. Xidmətin haqqı əvvəlcədən alınan tokenlərlə, yəni rəqəmsal kreditlərlə ödənir. Oyunun hazırlanmasına 10 000 dollar (17 000 manat) dəyərində token xərclənib. Layihə “Vercel” bulud platformasında işləyir.
Oyunda Taypeyin “Ximending”, “Taipei Main Station” və “Chiang Kai-Shek Memorial Hall” kimi tanınmış yerləri var. Küçələrdə neon lövhələr, skuterlər, marketlər, hazırlıq kurslarının reklamları və gecə bazarları görünür. Sadə işıqlandırma və az detallı modellər oyuna 2000-ci illərin əvvəllərini xatırladan görünüş verir. Şəhərin quruluşu “GTA San Andreas”dan fərqli olaraq Tayvan ab-havası yaradır.
Oyunçu macəraya piyada, yalnız yumruqları və cibində 500 Tayvan dolları ilə başlayır. Bu, təxminən 16 dollar (27 manat) edir. Şəhərdə sərbəst gəzmək və müxtəlif cinayət işlərinə qoşulmaq olur. Daha konkret məqsədlərlə oynamaq istəyənlər üçün 93 tapşırıq var. İdarəetməni öyrəndikdən sonra onları mərhələli şəkildə yerinə yetirmək olar.
“Taipei GTA” hələ hazırlanır və genişləndirilir. Tərtibatçılar gələcək yeniliklərlə bağlı oyunçuların fikirlərini öyrənirlər. Sınaq zamanı daxili “Radeon 890M” qrafik çipi ilə oyun 100 FPS-dən yuxarı sürətdə işləyib, yəni görüntü axıcı qalıb. Adındakı “GTA” ifadəsi “Rockstar” ilə hüquqi mübahisə riski yaratsa da, oyun hazırda onlayn və pulsuzdur.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...