Logo
    main-post-cover

    Apple 2026-cı il səhmdarların ümumi yığıncağını 24 fevralda keçirəcək

    Digər
    09.01.2026
    Sevinc
         Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple 2026-cı il üzrə illik səhmdarların ümumi yığıncağını 24 fevral tarixində keçirəcəyini açıqlayıb. Yığıncaq zamanı səhmdarlar səsvermədə iştirak edə və şirkət rəhbərliyinə suallar ünvanlaya biləcəklər.
         Bu cür yığıncaqlarda şirkətin ötən il üzrə fəaliyyəti müzakirə olunur, gələcək hədəflər dəyərləndirilir və səhmdarlar tərəfindən irəli sürülən məsələlərə səs verilir. Apple-ın 24 fevralda keçiriləcək yığıncağında Direktorlar Şurasının seçimi, 2026-cı il üçün müstəqil audit şirkətinin təsdiqi, icraçı olmayan direktorlar üçün səhm planı, rəhbər heyətin əməkhaqqı və Çində istehsalla bağlı bir səhmdar təklifi səsə qoyulacaq.
         Yığıncaqla bağlı məlumat 8 yanvar tarixində Apple-ın ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənəddə yer alıb. Sənəddə Apple CEO-su Tim Cook-un səhmdarlara ünvanladığı məktub da dərc olunub. Cook 2025-ci ildə şirkətin əsas uğurlarını vurğulayıb. Bunlara AirPods Pro 3, iPhone 17 seriyası və yenilənmiş M5 çipli Apple Vision Pronun təqdimatı daxildir.
         Tim Cook məktubunda bildirib ki, “iPhone 17 Pro indiyə qədər istehsal etdiyimiz ən güclü iPhone, iPhone Air isə ən nazik iPhone-dur”. O, həmçinin Apple-ın məxfilik, təhlükəsizlik və əlçatanlıq dəyərlərinə sadiq qaldığını qeyd edib. 2025-ci ilin iyulunda yayılan şayiələrə görə, Tim Cook gələcəkdə təqaüdə çıxdıqdan sonra Direktorlar Şurasının sədri ola bilər. Onun potensial varisi kimi isə hazırda Apple-ın aparat bölməsinə rəhbərlik edən John Ternus-un adı çəkilir.
    Paylaş