Apple Londonda 600 nəfərlik konsert zalı və radio studiyaları açacaq
“Apple” sentyabrın 28-də Londonda ilk canlı musiqi məkanını açmağa hazırlaşır. “Apple Music Hall” adlanan 600 nəfərlik zal şirkətin Battersea Elektrik Stansiyasındakı Avropa baş qərargahının altında yerləşir. Burada konsertlər və səsyazma sessiyaları keçiriləcək, videolar yayımlanacaq. Açılışda hansı sənətçilərin çıxış edəcəyi hələ açıqlanmayıb.
Zalın kiçik tutumu sənətçi ilə dinləyici arasında daha yaxın atmosfer yaratmaq üçündür. Burada sənətçilər yalnız 1 gecəlik konsert verəcək. Çıxışlar “Apple Music” abunəçilərinə bütün dünyada canlı göstəriləcək. İlk biletlər satışa çıxanda xəbər almaq istəyənlər məkanın ayrıca saytında qeydiyyatdan keçə bilərlər.
Səhnənin eni təxminən 12 metrdir və quruluşunu müxtəlif çıxışlara uyğun dəyişmək olur. Tamaşaçıların ətrafındakı 48 dinamik “Spatial Audio” effekti yaradır. Yəni səs müxtəlif istiqamətlərdən gəlirmiş kimi eşidilir. Çəkiliş zamanı 16-dan çox yayım kamerasından, eləcə də “iPhone”dan istifadə etmək olar.
Səhnənin arxasında səsyazma və səsin işlənməsi üçün 2 ayrıca studiya var. Sənətçi çıxışdan dərhal sonra yayıma hazır səs miksini, “Spatial Audio” formatında yazını və müxtəlif bucaqlardan çəkilən videonu ala bilər. Avadanlıqlar sayəsində “Apple Music Hall” tam istehsal mərkəzi kimi işləyəcək.
“Apple” zalla yanaşı, Battersea kompleksində yeni “Apple Music” radio studiyaları da açır. Londonda çalışan bütün aparıcılar və onların verilişləri bundan sonra həmin studiyalardan yayımlanacaq. Məkan həm canlı konsertlər, həm də radio proqramlarının hazırlanması üçün işləyəcək. Bütün London proqramlarının 1 ünvana köçürülməsi də planın əsas hissəsidir.
Yeni zal “Apple”ın London musiqi səhnəsinə qayıdışı sayılır. Şirkət əvvəllər şəhərdə 10 il “iTunes Music Festival” keçirib, lakin tədbir 2017-ci ildə dayandırılıb. Festivalda “One Direction”, “Lady Gaga”, “Elton John” və “Adele” kimi ifaçılar səhnəyə çıxıblar. 2022-ci ildə yenidən açılan Battersea Elektrik Stansiyasını “Pink Floyd”un “Animals” albomunun üz qabığında da görmək olar.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...