Logo
    main-post-cover

    Apple Samsung-u məhkəməyə cəlb edir

    Digər
    09.04.2026
    Sevinj
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, ABŞ Ədliyyə Nazirliyinin Apple-a qarşı qaldırdığı antiinhisar işi yeni mərhələyə keçib və proses artıq beynəlxalq hüquqi müstəviyə çıxıb. Şirkət bu dəfə sübut toplamaq üçün Samsung Electronics-in Cənubi Koreyadakı baş ofisinə yönəlib.
        2024-cü ilin mart ayında ABŞ hökuməti Apple-ı öz ekosistemi vasitəsilə rəqabəti məhdudlaşdırmaqda ittiham etmişdi. Uzun müddət davam edən etirazlar və işin bağlanması cəhdlərindən sonra məhkəmə prosesi davam etdirilib və hazırda “discovery”, yəni sübutların toplanması mərhələsindədir. Məhkəmə prosesində əsas tərəflərdən biri kimi göstərilən Samsung-un ABŞ bölməsi tələb olunan sənədləri təqdim etməkdən imtina edib. Şirkət bildirib ki, bu məlumatlar onların ABŞ ofisinə deyil, birbaşa Cənubi Koreyadakı ana şirkətə məxsusdur. Bu səbəbdən Apple beynəlxalq hüquqi mexanizmə, Hague Convention-a müraciət edib. Bu konvensiya vasitəsilə xarici ölkələrdə yerləşən şirkətlərdən sübut və sənədlərin tələb edilməsi mümkündür.
        Apple iddia edir ki, tələb olunan məlumatlar konkret və iş üçün həyati əhəmiyyət daşıyır. Şirkət həmçinin vurğulayır ki, bu məlumatları əldə etməyin başqa yolu yoxdur. Əgər müraciət təsdiqlənsə, rəsmi sorğu Cənubi Koreya hökuməti vasitəsilə Samsung-a göndəriləcək. Samsung isə bu tələbi yenidən mübahisələndirə bilər, lakin bu halda qərar artıq Cənubi Koreya hüquq orqanlarının səlahiyyətində olacaq.
    Paylaş