Apple Watch təqdimatlarının siması Stan Ng 31 ildən sonra Apple-dan ayrıldı
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Stan Ng Apple şirkətində 31 illik karyerasını başa vuraraq təqaüdə çıxdığını açıqlayıb. O, uzun illər ərzində Apple Watch və sağlamlıq məhsullarının marketinqinə rəhbərlik edib və xüsusilə şirkətin təqdimatlarında bu məhsulları tanıdan əsas simalardan biri kimi tanınıb.
Stan Ng-in Apple-dakı fəaliyyəti yalnız Apple Watch-la məhdudlaşmır. O, şirkətdə fəaliyyətə iPod dövründən başlayıb və hətta Steve Jobs-un Apple-a geri qayıdışından əvvəlki illərə qədər uzanan geniş təcrübəyə malik olub.
Ng LinkedIn hesabında paylaşdığı vida mesajında son iş gününü xüsusi şəkildə qeyd etdiyini bildirib. O, səhəri Apple Park-da gün doğumunu izləyərək və illər əvvəl istifadə etdiyi orijinal iPod-da musiqi dinləyərək qarşılayıb. Daha sonra həmin cihazla son dəfə idman zalında məşq etdiyini qeyd edib. Onun sözlərinə görə, bu iPod hələ də orijinal batareyası ilə bir neçə saat işləyə bilir. “31 ildən sonra bu gün Apple-da son iş günüm idi. Son günüm üçün planlaşdırdığım hər şeyi edə bildim. Apple-da işləmək və gördüyüm işi sevmək böyük zövq idi,” – deyə o paylaşımında vurğulayıb.
Paylaş