Avropa Birliyi AliExpress-i 550 milyon avro cərimələdi
Avropa Komissiyası onlayn ticarət platforması AliExpress-i Avropa Birliyinin Rəqəmsal Xidmətlər Aktını (DSA) pozduğuna görə 550 milyon avro (təxminən 630 milyon dollar) məbləğində cərimələyib. Bu, DSA çərçivəsində indiyədək tətbiq olunan ən böyük cərimə hesab olunur. Araşdırmaya əsasən, AliExpress platformasında satılan saxta, təhlükəli və qanunsuz məhsulların qarşısını almaq üçün kifayət qədər tədbirlər görməyib. Avropa Komissiyası bildirir ki, şirkət məhsulların yoxlanılması üçün yetərli sayda əməkdaş ayırmayıb və aşkar edilən təhlükəli oyuncaqlar, zərərli kosmetik vasitələr və digər qanunsuz məhsullar həftələrlə satışda qalmağa davam edib.
Avropa Komissiyasının texnologiyalar üzrə rəhbəri Henna Virkkunen bildirib ki, istehlakçıların saxta geyimlər, təhlükəli oyuncaqlar və zərərli kosmetik məhsullarla qarşılaşması onlayn alış-verişin qaçılmaz nəticəsi deyil, platformanın qanunvericiliyə əməl etməməsinin göstəricisidir. Onun sözlərinə görə, böyük istifadəçi bazasına malik olmaq bu məsuliyyətdən yayınmaq üçün əsas sayıla bilməz. AliExpress-ə pozuntuları aradan qaldırmaq üçün 20 oktyabr 2026-cı il tarixinədək vaxt verilib. Şirkət bu müddət ərzində tələb olunan dəyişiklikləri etməzsə, əlavə dövri maliyyə sanksiyaları ilə üzləşə bilər.
Paylaş
