Avropa İttifaqı Google-a axtarış məlumatlarını AI rəqiblərlə paylaşmağı tələb edir
Technote.az “TNW” platformasına istinadən bildirir ki, Avropa İttifaqı texnologiya nəhəngi Google üçün yeni qaydalar hazırlayır. Belə ki, Avropa Komissiyası şirkətə axtarış məlumatlarını rəqib platformalarla necə paylaşmalı olduğunu müəyyən edən ilkin tələbləri təqdim edib. Bu addım Aİ-nin rəqəmsal bazarlarda rəqabəti artırmaq məqsədi daşıyan Digital Markets Act (DMA) qanunu çərçivəsində atılır.
Təklif olunan qaydalara əsasən, Google öz axtarış sistemində toplanan sıralama, klik, baxış və sorğu məlumatlarını digər axtarış mühərrikləri ilə bölüşməlidir. Maraqlısı budur ki, bu məlumatlardan yalnız ənənəvi axtarış sistemləri deyil, həm də axtarış funksiyasına sahib süni intellekt çatbotları da yararlana biləcək. Avropa Komissiyası bununla AI çatbotlarını da klassik axtarış mühərrikləri ilə eyni rəqabət sahəsinin iştirakçısı hesab etdiyini göstərir. Yəni gələcəkdə bu qərar qüvvəyə minsə, OpenAI kimi şirkətlərin və digər AI platformalarının Google Search məlumatlarına çıxış əldə etməsi mümkün ola bilər.
Komissiya bildirib ki, bu addım bazarda ədalətli rəqabət yaratmaq və kiçik oyunçuların da inkişaf etməsinə imkan vermək məqsədi daşıyır. Çünki hazırda Google illərlə topladığı istifadəçi davranışı məlumatları sayəsində rəqiblərinə qarşı böyük üstünlüyə malikdir. Hazırda bu qərar ilkin mərhələdədir və ictimai müzakirəyə çıxarılıb. Yekun qərarın 2026-cı ilin iyul ayına qədər verilməsi gözlənilir. Əgər Google bu qaydalara əməl etməsə, şirkət Alphabet-in illik qlobal gəlirinin 10 %-nə qədər cərimə ilə üzləşə bilər ki, bu da 35 milyard dollardan çox ola bilər.
Paylaş