Avropa startap bazarı öz nəhəng dövrünə hazırdır
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Avropanın startap ekosistemi Slush 2024 konfransında sürətli transformasiya ərəfəsində olduğunu nümayiş etdirib.
Silicon Valley mühiti çox vaxt Avropadakı startap bazarını “kiçik” və ya “kifayət qədər güclü olmayan” kimi dəyərləndirir. Amma bu fikir Slush 2024 konfransında tam əksini göstərdi: Avropa öz potensialına inanır və artıq böyük səhnəyə çıxmağa hazır görünür. Helsinkidə keçirilən Slush-də həm startaplar, həm investorlar, həm də dövlət nümayəndələri Avropanın uzun illər qarşılaşdığı çətinliklərin artıq aradan qalxdığını deyirlər. Vaxtilə Avropa sahibkarları şirkətlərini qurmaq üçün ABŞ-yə köçməyə məcbur qalır, ya da bazarda müştəri və kapital çatışmazlığı səbəbilə davam etmirlər. Pandemiyadan sonra OMERS Ventures və Coatue kimi firmalar Londonda ofis açaraq Avropaya daxil olmağa çalışsalar da, sonradan bu planlardan imtina etdilər. Bununla belə, IVP və Andreessen Horowitz kimi böyük ABŞ fondlarının Londonda ofis açması diqqətdən kənar qalmayıb.
Artıq Avropa startapları ABŞ investorlarının “şirkəti Silicon Valley-ə köçürün” təzyiqlərinə də daha az boyun əyir. Slush-də danışan Lovable platformasının həmtəsisçisi Anton Osika bildirib ki, şirkətin cəmi bir ilə 200 milyon dollar illik təkrarlanan gəlirə çatmasının səbəbi ABŞ-yə köçməmələri, əksinə, Silikon Vadisi mütəxəssislərini Stokholma gətirmələri olub.
Estoniyada yaradılan Skype-ın ilk əməkdaşı Plural fondundan Taavet Hinrikus qeyd edib ki, Avropa startap ekosistemi hələ də ABŞ-dən təxminən 10 il geri olsa da, startap anlayışı artıq kontinentdə tamamilə əsas axına çevrilib. İllər əvvəl startapların Avropanın ÜDM-də nəzərəçarpacaq payı olmasa da, investorlar bildirirlər ki, bu, indi köklü şəkildə dəyişib və pay daha da artacaq. Spotify və Klarna kimi uğur hekayələri regionun imicini gücləndirib, sahibkarlara davam etmə ruhu verib və startap işçilərinə öz şirkətlərini qurmaq üçün təcrübə və kapital qazandırıb.
Regulyatorlar da prosesi sürətləndirmək niyyətindədir. Avropa İttifaqı növbəti ildən startapların bütün üzv ölkələrdə eyni anda qeydiyyatdan keçməsini mümkün edən yeni qaydalar üzərində işləyir. Bu, müəyyən çətinliklər yaratsa da, böyük addım hesab olunur. Hələ ki, bir maneə qalır: Avropa şirkətləri ABŞ şirkətlərinə nisbətən yenilikçi texnologiyaları sınaqdan keçirməyə daha az istəklidirlər. Buna baxmayaraq, Slush-dəki ab-hava optimistdir. Avropa uzun yolun ardından nəhayət öz gücünü ortaya qoymağa hazır görünür.
Paylaş
Bənzər xəbərlər