Azərbaycanlı rejissorun filmi Almaniyada təqdim olundu!
Azərbaycanlı rejissor Kamran Səfərəlinin “20” adlı qısametrajlı filminin Hamburqda qapalı təqdimatı baş tutub.
5 noyabr 2026-cı il tarixində Hamburqun ən nüfuzlu kinoteatrlarından biri olan Zeise Kinos-da keçirilən qapalı təqdimatda rejissorun 25 dəqiqəlik qısa filmi tamaşaçılara nümayiş etdirilib.
Çəkilişləri Almaniyada baş tutan və çox aşağı büdcə ilə, heç bir sponsor və maddi dəstək olmadan müstəqil şəkildə çəkilən filmin süjet xətti və ilkin hekayəsi Kamran Səfərəli və Sadiq Fərzəlibəy tərəfindən təxminən 10 il əvvəl birlikdə yazılıb. 10 il sonra isə filmin rejissoru Kamran Səfərəli eyni zamanda layihənin ssenaristliyini və prodüserliyini də özü həyata keçirib.
Filmin yaradıcı heyətində azərbaycanlı mütəxəssislər də iştirak ediblər. Dizayner Sevil Səfərəli filmin quruluşçu rəssamı, musiqiçi Rasim Səfər isə filmin musiqi tərtibatçısı vəzifələrini yerinə yetiriblər.
Təqdimatda Almaniyada yaşayan aktyorlar, rejissorlar, digər film mütəxəssisləri və film heyətinin ailə üzvləri də iştirak ediblər. Tədbirə bütün qonaqlar xüsusi dəvətnamə əsasında dəvət olunublar.
Film izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Bunun məntiqi davamı kimi filmin nümayişindən sonra rejissor Kamran Səfərəli tamaşaçılar tərəfindən uzun müddət ayaqüstə alqışlanıb.
“Yaradıcı insanlar, adətən, beyinlərindəki ideyanı reallaşdırmadan rahatlıq tapa bilmirlər. Düşünürəm ki, mənim üçün də belə oldu, hətta bir qədər fərqli şəkildə. Təxminən 10 il əvvəl Bakıda kolleqamla birlikdə bir A4 kağızı üzərində təməli qoyulan ideya bu gün Almaniyaya qədər uzandı. Ümid edirəm ki, bu layihədə alman mütəxəssislərlə qurduğumuz əməkdaşlıq iki ölkə arasında mövcud olan mədəni əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək.”
Kamran Səfərəli Hamburqda yaşayır və burada kreativ prodüser, filmmaker kimi fəaliyyət göstərir. Film və video istehsalı sahəsində uzun illər təcrübəyə malik olan rejissor bundan sonrakı yaradıcılığında daha böyük layihələrdə çalışmağı hədəfləyir.
Rejissorun hazırda əsas planlarından biri filmi beynəlxalq film festivallarına təqdim etmək və “20” filmi vasitəsilə Azərbaycanı beynəlxalq kino aləmində təmsil etməkdir.
Qeyd: Film ölkəmizi beynəlxalq festivallarda təmsil edəcəyi üçün hələki bir müddət ictimai şəkildə paylaşılmayacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...