Bakıda keçiriləcək WUF13 üçün telekommunikasiya hazırlığı müzakirə olunub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıqla bağlı iclas keçirilib. İclasda tədbir məkanlarında dayanıqlı və keyfiyyətli telekommunikasiya xidmətlərinin təmin olunması məsələləri müzakirə edilib.
Technote.az xəbər verir ki, iclasa rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov sədrlik edib. Görüş zamanı ölkə ərazisində və tədbir məkanlarında həyata keçirilən telekommunikasiya işləri nəzərdən keçirilib.
Müzakirələrdə xüsusilə Baku Olympic Stadium üzrə internet xidmətlərinə olan tələblər diqqət mərkəzində olub. Həmçinin beynəlxalq internet kanalları və mobil rabitə xidmətlərinin hazırkı vəziyyəti qiymətləndirilib.
İclasda mobil telefon rabitəsinin səs və internet xidmətləri üzrə təşkili ilə bağlı son vəziyyət nəzərdən keçirilib. Tədbir müddətində yüksək keyfiyyətli və dayanıqlı bağlantının təmin edilməsi üçün görülən işlər müzakirə olunub.
WUF13 çərçivəsində telekommunikasiya infrastrukturuna olan tələbatın yüksək səviyyədə qarşılanması ilə bağlı müvafiq tapşırıqlar verilib. Əsas diqqət tədbir iştirakçıları üçün fasiləsiz və stabil rabitə xidmətlərinin təmin olunmasına yönəldilib.
Paylaş