Brevo 583 milyon dollar investisiya alaraq “unicorn” statusu qazandı
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Brevo startapı 500 milyon avro həcmində yeni investisiya cəlb edərək “unicorn” statusu qazanıb. Bu investisiya şirkətin Avropada olduğu kimi, ABŞ bazarında da HubSpot və Salesforce kimi nəhənglərlə rəqabət aparmaq planlarını gücləndirəcək.
2012-ci ildə kiçik bizneslər üçün e-poçt marketinqi platforması kimi fəaliyyətə başlayan və əvvəllər Sendinblue adı ilə tanınan Brevo son illərdə məhsul portfelini genişləndirərək ad dəyişikliyinə gedib. Bu dəyişiklik şirkətin daha geniş auditoriya qazanmasına səbəb olub. Artıq Brevo-nun 600 mindən çox müştərisi var. Müştərilər arasında Carrefour, eBay və H&M kimi iri brendlər də yer alır.
Şirkətin CEO-su Armand Tibercə görə, hazırda ABŞ Brevo-nun gəlirlərinin 15 %-ni təşkil edir, lakin bu rəqəm şirkətin hədəflərinə uyğun deyil: “ABŞ bazarı qlobal CRM sektorunun 50 %-ni təşkil edir, buna görə gəlirlərimizin də 50 %-i buradan gəlməlidir”.
Yeni investisiya Brevo-nun beş il ərzində süni intellektə 50 milyon avro sərmayə yatırmaq və hazırda sayları 11 olan satınalmaları davam etdirmək planlarını gücləndirəcək. Şirkət ABŞ bazarında genişlənmə üçün 100 milyon avrodan çox vəsait xərcləməyi planlaşdırır.
Paylaş
Bənzər xəbərlər