Cash App Mobile təqdim olundu
ABŞ-nin məşhur maliyyə platformalarından biri olan Cash App fəaliyyət sahəsini genişləndirərək mobil rabitə xidmətini istifadəyə verməyə hazırlaşır. Cash App Mobile adlanan yeni xidmət istifadəçilərə aylıq 40 ABŞ dolları qarşılığında vergilər və əlavə ödənişlər daxil olmaqla limitsiz 5G internet, danışıq və SMS imkanı təqdim edəcək. Yeni xidmət AT&T şəbəkəsi üzərində fəaliyyət göstərən virtual mobil operator (MVNO) modeli ilə işləyəcək. Layihənin texnoloji tərəfdaşı isə ötən il oxşar qiymətlə Klarna Mobile xidmətini istifadəyə verən Gigs şirkətidir.
Şirkətin açıqlamasına görə, hazırda Cash App Mobile məhdud sayda istifadəçilər üçün istifadəyə açılıb və yaxın aylarda daha geniş auditoriyaya təqdim olunacaq. Paketə ABŞ daxilində limitsiz 5G internet, HD keyfiyyətində video axını, 10 GB aylıq hotspot istifadəsi, həmçinin Kanada və Meksikada rouminq dəstəyi daxildir. Cash App gələcəkdə mobil xidməti öz ekosisteminə daha sıx inteqrasiya etməyi planlaşdırır. Bu çərçivədə Cash App Green loyallıq proqramı və Cash App Families funksiyası ilə birlikdə istifadəçilərə mobil rabitə xərclərinə görə müxtəlif mükafatlar və qənaət imkanları təqdim ediləcək.
Paylaş