DoorDash sifarişi qalmaqala çevrilib
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-nin İndiana ştatının Evansvill şəhərində bir qadın DoorDash vasitəsilə çatdırılan yeməyə naməlum maddə səpdiyi iddiası ilə ağır cinayət maddələri üzrə ittiham olunur.
Vanderburq dairəsinin Şerif Ofisinin yaydığı məlumata görə, dekabrın 7-də bir kişi polisə müraciət edərək özü və həyat yoldaşının DoorDash-dən sifariş etdikləri fast-food yeməyini yedikdən sonra ağız, burun, boğaz və mədə nahiyəsində güclü yanma hiss etdiklərini bildirib. Zərərçəkən NBC News-a açıqlamasında deyib ki, çatdırılma paketinin üzərində qırmızı rəngli maddə gördükdən sonra qapı zəngi kamerasının görüntülərinə baxıb. Şerif idarəsinin məlumatına əsasən, görüntülərdə kuryerin yeməyi qapının önünə qoyub şəkil çəkdikdən sonra açarlarına bərkidilmiş kiçik aerozol balondan yeməyə doğru nəsə səpdiyi görünür.
DoorDash qeydləri əsasında aparılan araşdırma nəticəsində şübhəli şəxs Kentukki ştat sakini Kourtney Stevenson kimi müəyyən edilib. O, telefon danışığında polisə bildirib ki, atasını ziyarət etdiyi müddətdə DoorDash üçün işləyib və sprey vasitəsilə guya bir hörümçəyi öldürmək istəyib. Lakin şerif idarəsi qeyd edib ki, gecə temperaturunun 35°F (təxminən 2°C) olduğu şəraitdə açıq havada hörümçəklərin aktiv olması mümkün deyil.
Stevenson ifadə vermək üçün polisə gəlməkdən imtina etdikdən sonra onun barəsində “orta dərəcəli xəsarətlə nəticələnən hücum” və “istehlakçı məhsuluna qəsdən müdaxilə” maddələri ilə həbs qərarı çıxarılıb. DoorDash şirkətinin sözçüsü açıqlamasında bildirib ki, Kourtney Stevenson platformadan ömürlük uzaqlaşdırılıb və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq davam etdirilir.
Paylaş