Dostlarla “virtual ev ziyarəti”: Meta yeni dəvət funksiyasını işə saldı
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta istifadəçilərin Horizon platformasında Hyperscape ilə yaratdıqları virtual məkanlarda birlikdə vaxt keçirməsini mümkün edən yeni funksiyanı istifadəyə verib. Artıq istifadəçilər dostlarını bu məkanlara dəvət edə biləcək və maksimum səkkiz nəfər (18+ yaş) iştirak edə biləcək. Dəvət linkinə sahib olan hər kəs məkanı Meta Quest 3 və ya 3S vasitəsilə, həmçinin Android və iOS üçün mövcud olan Meta Horizon mobil tətbiqi ilə asanlıqla daxil ola bilər.
İstifadəçilər öz evlərini skan edərək, birlikdə ola bilmədikləri zaman virtual görüş məkanı yarada bilər. Bundan başqa, məşhurların Hyperscape ilə rəqəmsallaşdırılmış məkanlarını da gəzə bilərlər. Məsələn, Gordon Ramsay-in mətbəxi və ya Chance the Rapper-in qonaq otağı.
Bu yenilik Meta-nın ilin əvvəlində Connect tədbirində nümayiş etdirdiyi Hyperscape Capture texnologiyasının praktiki tətbiqidir. Skan texnologiyası istifadəçilərə real məkanların yüksək keyfiyyətli rəqəmsal kopyalarını yaratmağa imkan verir. Şirkət bildirir ki, dəvət funksiyası tədricən bütün hesablar üçün aktivləşdirilir və gələcəkdə görüş iştirakçılarının sayını artırmağı planlaşdırır.
Paylaş