Double Fine yeni multiplayer oyunu Kiln-in çıxış tarixini açıqladı
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, oyun studiyası Double Fine 2025-ci ilin sevilən layihələrindən biri olan Keeper-dən sonra yeni oyunu Kiln ilə oyunçuların qarşısına çıxmağa hazırlaşır. “Multiplayer online pottery party brawler” janrında təqdim edilən oyun 23 aprel tarixində Xbox Series X/S, PC (Xbox və Steam), Xbox Cloud və PlayStation 5 platformalarında satışa çıxacaq. Xbox-ın açıqlamasına görə, oyun ilk gündən portativ cihazlar üçün də optimallaşdırılmış olacaq.
Kiln oyununda iştirakçılar virtual dulus çarxından istifadə edərək gildən qab düzəldir və onu fərdiləşdirirlər. Qabın ölçüsü və forması oyun mexanikasına birbaşa təsir edir. Oyunun əsas rejimi olan Quench modunda məqsəd su toplayaraq dörd nəfərlik komanda ilə rəqib tərəfin sobasını üç dəfə söndürməkdir. Oyun prosesində rəqiblə qarşılaşdıqda qablar bir-birini sındırmağa çalışır və bu da dinamik döyüş elementləri yaradır.
Oyunun açıq beta versiyası 9–11 aprel tarixlərində Steam platformasında keçiriləcək və eyni zamanda ön sifarişlər də aktivləşdiriləcək. Oyunun standart versiyası 20 dollar olacaq.
Paylaş
Bənzər xəbərlər