Logo
    main-post-cover

    Elon Musk SpaceX-i süni intellekt bazarına daşıyır

    Digər
    22.05.2026
    Sevinj
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, SpaceX ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) IPO sənədlərini təqdim edib. Şirkətin S-1 sənədində yer alan bəzi iddialar və risk qeydləri isə texnologiya və maliyyə dünyasında geniş müzakirələr yaradıb. Sənədlərə əsasən, SpaceX artıq özünü təkcə kosmik raket və peyk şirkəti kimi deyil, eyni zamanda süni intellekt oyunçusu kimi təqdim etməyə çalışır. Bunun əsas səbəbi isə bu il şirkətin Elon Musk-a məxsus digər AI şirkəti xAI ilə inteqrasiyası göstərilir.
        IPO sənədində diqqətçəkən məqamlardan biri SpaceX-in gələcək planlarında kosmosda AI məlumat mərkəzləri qurmaq ideyasının yer almasıdır. Şirkət bu layihələrin 2028-ci ildən etibarən həyata keçirilə biləcəyini qeyd edir. Sənədin özündə belə etiraf edilir ki, kosmik mühitdə AI infrastrukturunun fəaliyyəti indiyədək nə SpaceX, nə də başqa şirkətlər tərəfindən real şəkildə sınaqdan keçirilməyib.
        Sənəddə kosmik data mərkəzləri üçün potensial risklər də açıq şəkildə qeyd olunur. Bunlara günəş alışmaları, kosmik radiasiya, mikrometeoritlər, orbital tullantılar, raket buraxılışları zamanı yaranan vibrasiya və temperatur dəyişiklikləri daxildir. Şirkət həmçinin peyklərin istismar müddətinin məlumat mərkəzi avadanlıqlarından daha qısa olduğunu vurğulayır.
        Digər maraqlı detal isə SpaceX-in AI bazarını təxminən 26,5 trilyon dollar həcmində qiymətləndirməsidir. Müqayisə üçün şirkət kosmik buraxılış və Starlink internet bazarının potensialını ümumilikdə 2 trilyon dollar səviyyəsində göstərir. IPO sənədində həmçinin AI məhsulları ilə bağlı risklər də qeyd olunub. Buraya yanlış məlumatların yayılması, müəllif hüquqları problemləri, zərərli məzmun, diskriminasiya və reputasiya riskləri daxildir. Sənəddə bəzi ölkələrdə AI məhsulları ilə bağlı aparılan araşdırmalara da istinad edilir.
    Paylaş