
Facebook, tarixinin ən böyük düşüşlərindən birini yaşayır. İstifadəçilər sürətlə hesablarını silirlər
Bu ay Facebook şirkəti məşhur
sosial şəbəkənin 50 milyon istifadəçi məlumatından qanunsuz şəkildə istifadə
olunması hadisəsi ilə bağlı böyük qalmaqalın mərkəzində oldu. 19 Mart tarixində
məlum oldu ki, Cambridge Analytica adlı analitik şirkət istifadəçilərin
razılığı olmadan onların məlumatlarını əldə edib və həmin məlumatları Donald
Trump-ın seçkiqabağı kampaniyasının effektiv siyasi reklamını yaratmaq üçün
istifadə edib. Facebook bu məlumat sızıntısından çox güman ki, xəbərdar idi.
Lakin onun qarşısını almaq üçün heç bir tədbir görmədi. Son bir neçə gün ərzində
şirkətin səhmləri aşağı düşür, ABŞ və Avropa hökumətləri isə bu hadisə ilə bağlı
istintaq aparırlar.
Cambridge Analytica 50 milyon Facebook istifadəçisinin məlumatlarını necə əldə edib?
Cambridge Analytica İngiltərənin
analitik şirkətidir. O, siyasi partiyalarla çalışır və sosial şəbəkələrin kütlələrinin
davranışlarına təsir etməkdə həmin siyasi partiyalara köməklik edir. Şirkət mütəxəssisləri
istifadəçilərin davranışlarını analiz edirlər və sifarişçinin ismarışını
insanlara çatdırmaq üçün həmin analizlər əsasında siyasi reklam yaradaraq onu
inkişaf etdirirlər. Şirkət 2013-cü ildə təsis edilib. ABŞ-dan olan 50 milyon
Facebook istifadəçisinin məlumatlarını Cambridge Analytica şirkəti Kembric
Universitetinin professoru Aleksandr Kogan-dan alıb. Guya 2014-ci ildə o, tədqiqat
məqsədli thisisyourdigitallife adlı tətbiq yaradıb. Həmin tətbiqdə Facebook
vasitəsilə qeydiyyatdan keçən zaman mükafat qismində psixoloji testdən keçmək
imkanı yaranırdı. Beləliklə tətbiq istifadəçilərin və onların dostlarının səhifələrindəki
məlumatları əldə edirdi. Nəticədə tətbiqdə 270.000 insan qeydiyyatdan keçdi. Bu
üsulla Kogan 50 milyon insanın məlumatlarını əldə etdi.
2015-ci ildə Facebook
aşkar etdi ki, Kogan qanunu pozub. Sosial şəbəkə istifadəçilər və onların
dostları haqqında məlumatların yığılmasına yalnız o halda icazə verir ki, həmin
məlumatlar tətbiq sahibində qalsın və üçüncü şəxslərə təqdim edilməsin.
Facebook-un verdiyi bəyanatda qeyd olunub ki, Kogan həmin məlumatları Cambridge
Analytica və Eunoia Technologies şirkətlərinə ötürüb.
“Biz bunu aşkar edəndən sonra Kogan-ın tətbiqi Facebook-dan silindi. Daha sonra biz hər 3 tərəfdən sözügedən məlumatların silinməsini tələb etdik. Cambridge Analytica, Kogan və Eunoia Technologies-dən olan Christopher Wylie bizi inandırdılar ki, onlar həqiqətən də məlumatları siliblər” – deyə Facebook bildirib.
Cambridge Analytica şirkətinin
məlumatına əsasən o, 2015-ci ildəki sorğu əsasında həmin məlumatları pozub.
Şirkət təmsilçisi bildirib ki, şirkət istifadəçi məlumatlarından 2016-cı ildə
prezident Donald Trump-ın seçkiqabağı kampaniyasında istifadə etməyib. Məlumata
əsasən sonradan Trump-ın komandası sözügedən şirkətin qeyri-effektivliyini
anlayaraq onun xidmətlərindən imtina edib. Lakin şirkətin özünün fikrincə o.
Donald Trump-ın seçkilərdə qalib gəlməsində əsas rolu oynayıb. Facebook şirkətinin
keçmiş əməkdaşı Sandy Parakilas bildirib ki, sızıntı daha irimiqyaslı olub və
2007-2014-cü illər arası yüz milyonlarla sosial şəbəkə istifadəçisi məlumatlarını
əhatə edir. Onun sözlərinə əsasən sosial şəbəkənin sistemində ciddi boşluq var
idi və bu boşluq sayəsində üçüncü tərəflər istifadəçilərin də xəbəri olmadan
onların məlumatlarını əldə edə bilirdilər. Parakilas-ın sözlərinə əsasən
Facebook bundan xəbərdar olsa da heç bir tədbir görmürdü.
20 Mart tarixində
Cambridge Analytica şirkətinin CEO-su Alexander Nix şirkət idarəetməsindən kənarlaşdırıldı.
Buna səbəb isə Channel 4 News telekanalının videosüjeti oldu. Həmin videosüjetdə
gizli çəkiliş təqdim olunmuşdu. Sözügedən çəkilişdə isə Alexander Nix istənilən
ölkənin seçki proseslərinə müdaxilə etmək imkanlarından danışırdı. Sözügedən
qalmaqal Facebook-un nüfuzuna və bazar qiymətinə ciddi zərbə vurdu. 19 Mart
tarixində birjalardakı hərracların bağlanışında Facebook-un səhmləri 7% aşağı
düşdü. Şirkətin CEO-su Mark Zuckerberg-in sərvəti isə 6 milyard dollar aşağı
düşdü. 20 Mart tarixindəki hərracların nəticələrinə əsasən isə onun özəl
kapitalı 9 milyard dollar təşkil etdi. 21 Mart tarixində Facebook 60 milyard
dollar bazar qiyməti itirdi. Bu göstərici isə Tesla şirkətinin bazar qiymətindən
(52 milyard dollar) çoxdur.
Bu, Facebook-un 2012-ci ildə IPO-ya çıxması müddətindən
ən böyük düşüşdür. 20 Mart tarixində hərracların bağlanışı zamanı şirkətin bir
səhminin qiyməti 168.15$, şirkətin bazar qiyməti isə 488.5 milyard dollar təşkil
etdi. 21 Mart tarixinə əsasən Bloomberg Zuckerberg-in şəxsi sərvətini 68.6
milyard dollar dəyərində qiymətləndirib. Bu iki gün ərzində Zuckerberg Bloomberg
Billionaires Index retinqində 4-cü yerdən 5-ci yerə düşüb. Onun 6-cı və hətta
7-ci yerə düşməsi ehtimalı da var. 20 Mart tarixində Facebook şirkətinin səhmdarı
Fan Yuan San Fransisko-nun federal məhkəməsinə investorlar qrupu (onların
sayları məlum deyil) adından Facebook-u məhkəməyə verib. Fan Yuan 3 Fevral
2017-ci il tarixindən 19 Mart 2018-ci il tarixinədək şirkət səhmlərini alırdı.
Öz məhkəmə iddiasında o bildirib ki, Facebook şirkət siyasəti barəsində yalan bəyanatlar
verib və üçüncü şəxslərin istifadəçilərin də xəbəri olmadan milyonlarla
insanların məlumatlarını əldə etmələrinə şərait yaradıb.
ABŞ-ın ticarət üzrə
federal komissiyası öz yoxlanışına start verib. Qayda üzrə sosial şəbəkə
istifadəçilərə onların məlumatlarının üçüncü şəxslərə verildiyi barəsində xəbər
verməli idi. Əgər komissiya nəticəyə gəlsə ki, şirkət bu qaydanı pozub, onda
şirkəti milyonlarla dollar dəyərində cərimə gözləyir. Özəl istintaqı həmçinin
Nyu York, Massaçusets və Konnektikut ştatlarının general prokurorları da
keçirtmək niyyətindədirlər. Senatorlar Zuckerberg-i ABŞ Konqressi qarşısında
çıxış etməyə və ondan Facebook-un ABŞ-dakı seçkilərə necə təsir göstərməsi ilə
sosial şəbəkənin öz istifadəçilərini necə qoruyacağı haqqında danışmağa çağırırlar. Zuckerberg-i həmçinin Avropa Parlamentinə də dəvət ediblər. Orda
Zuckerberg 500 milyon avropalının təmsilçilərinə onların şəxsi məlumatlarının
demokratiya manipulyasiyasında istifadə olunmadığı barəsində danışmalıdır.
50 milyon
Facebook istifadəçisinin məlumat sızıntısı xəbərindən sonra Twitter-də #DeleteFacebook
hashtag-ı məşhurlaşmağa başladı. İnsanlar onların şəxsi məlumatlarını qorumağa
qadir olmayan sosial şəbəkədən imtina etməyə çağırırlar. Bu kampaniyanı həmçinin
WhatsApp-ın həmtəsisçisi Brian Acton da dəstəkləyib. Qeyd etmək lazımdır ki,
Brian Acton 2017-ci ildə Facebook-u tərk etmişdi. Onu da qeyd etmək lazımdır
ki, Facebook-un aylıq kütləsi 2 milyard insandan çoxdur. Qərbdən olan bir sıra
kütləvi informasiya vasitələri isə Facebook hesabının necə deaktiv olunması barəsində
məqalələr yazıblar. İstifadəçi öz hesabını deaktiv etsə də onun məlumatları
Facebook-da qalacaq. Məlumatların və hesabın tamamilə silinməsi üçün isə istifadəçi Facebook administrasiyası ilə əlaqə saxlamalıdır. Mark Zuckerberg sözügedən
məsələ ilə bağlı öz ilk rəyini bildirib. O qeyd edib ki, şirkət üçüncü şəxslərin
istifadəçi məlumatlarını əldə etmələrinin qarşısını almaq üçün hələ 2014-cü ildə
lazımi təhlükəsizlik tədbirlərini görüb.
“Biz sizin məlumatlarınızın təhlükəsizliyi
üzrə məsuliyyət daşıyırıq və əgər biz həmin məlumatları qoruya bilmiriksə deməli
biz sizə xidmət göstərməyə layiq deyilik. Mən bunun necə baş verdiyini və gələcəkdə
belə bir hadisənin birdə baş verməyəcəyinə əmin olmaq üçün çalışırdım. Yaxşı xəbər
ondan ibarətdir ki, bu cür hadisənin təkrarlanmaması üçün lazımi tədbirləri biz
hələ bir neçə il bundan öncə görmüşük. Lakin bununla yanaşı biz səhvlərə də yol
vermişik. Həmin vaxtda bizim platformamızın necə çalışdığını nəzərə alsaq,
Kogan, istifadəçilərin və onların dostlarının məlumatlarını əldə etmək imkanına
sahib idi. 2015-ci ildə biz The Guardian jurnalistlərindən öyrəndik ki, Kogan
öz tətbiqi vasitəsilə əldə etdiyi məlumatları Cambridge Analytica şirkətinə
ötürüb. Bu bizim qaydalara ziddir. Buna görə də biz dərhal Kogan-ın tətbiqini
öz platformamızda qadağan etdik və əldə
olunmuş məlumatların silinməsini Kogan ilə Cambridge Analytica-dan tələb etdik. Onlar bunun təsdiq olunması üzrə
sertifikatları təqdim etmişdilər. Əgər biz istifadəçilərin özəl məlumatlarından
suistifadə etmiş tərtibatçıların tətbiqlərini tapsaq biz bu barədə istifadəçilərə
mütləq xəbər verəcəyik. Bu həmçinin Kogan-ın, məlumatlarını suistifadə etdiyi
insanlara da aiddir” – deyə Mark Zuckerberg bildirib.
Mənbə: Vc.ru
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...