Google təsdiqlədi: Polymarket xəbər nəticələrinə yanlışlıqla əlavə olunub
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google son günlər istifadəçilərin qarşısına Google News bölməsində çıxan Polymarket proqnoz mərclərinin texniki xəta nəticəsində göstərildiyini açıqlayıb. Belə ki, Polymarket linkləri bəzi axtarış nəticələrində Reuters, The Guardian kimi etibarlı media qurumlarının xəbərləri ilə yanaşı görünməyə başlamışdı.
Məsələ ilk dəfə sosial mediada gündəmə gəlib. İstifadəçilər müəyyən aktual mövzular üzrə axtarış etdikdə, məsələn Hörmüz boğazı ilə bağlı xəbərlərdə, adi xəbər mənbələrinin altında həmin hadisə ilə əlaqəli Polymarket mərc bazarları da çıxırdı. Linklər birbaşa istifadəçiləri konkret hadisələr üzrə açılmış mərclərə yönləndirirdi.
Hadisə ilə bağlı açıqlama verən Google nümayəndəsi Ned Adriance bildirib ki, Google News yalnız aktual hadisələr barədə məzmun yaradan və müəyyən siyasətlərə uyğun olan mənbələri göstərmək üçün nəzərdə tutulub. Onun sözlərinə görə, Polymarket saytının burada görünməsi sistemdə baş vermiş səhv nəticəsində olub və artıq platforma xəbər nəticələrindən çıxarılıb.
Bu hadisədən sonra bəzi istifadəçilər Google-un Polymarket ilə daha geniş əməkdaşlığa başladığını düşünsə də, şirkət bunun planlı inteqrasiya olmadığını vurğulayıb. Qeyd edək ki, Google daha əvvəl həm Polymarket, həm də Kalshi ilə əməkdaşlıq edərək onların məlumatlarını Google Finance platformasına inteqrasiya etmişdi. Hazırda Polymarket-in Google News nəticələrinə necə və nə vaxt daxil olduğu tam məlum deyil. Lakin bununla bağlı ilk paylaşımların hələ yanvar ayından etibarən ortaya çıxdığı bildirilir.
Paylaş
Bənzər xəbərlər