GTA 6 üçün ön sifarişlər tezliklə başlaya bilər
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Grand Theft Auto VI (GTA 6) ilə bağlı yeni şayiə sosial mediada böyük səs-küy yaradıb. Rəsmi açıqlama hələ verilməsə də, oyunun ön sifarişlərinin yaxın zamanda başlaya biləcəyi iddia olunur.
Məlumata görə, “PlayStation Game Size” adlı X hesabı GTA 6 üçün PlayStation məlumat bazasına “title ID”lərin əlavə edildiyini bildirib. Bu isə adətən oyunla bağlı yeniliklərin və ya ön sifariş mərhələsinin yaxınlaşdığına işarə kimi qiymətləndirilir. Sözügedən hesab daha əvvəl də bir çox PlayStation layihələri barədə dəqiq sızıntılar paylaşdığı üçün oyun ictimaiyyəti tərəfindən ciddi qəbul olunur.
Bununla belə, paylaşımda konkret tarix göstərilməyib və məlumat tam təsdiqlənməyib. Hesabın öz açıqlamasında da vurğulanır ki, ön sifarişlərin nə vaxt açılması tamamilə nəşriyyatçı şirkətdən asılıdır. Müqayisə üçün qeyd edək ki, Red Dead Redemption 2 2018-ci ilin 26 oktyabr buraxılış tarixindən bir neçə ay əvvəl – iyun ayında ön sifarişə açılmışdı. Həmin oyunun da istehsalçısı olan Rockstar Games bu dəfə fərqli strategiya seçə bilər. Xüsusilə GTA 6-nın uzun müddətdir gözlənilməsi və bir neçə dəfə təxirə salınması fonunda şirkətin azarkeşlərə tezliklə yeni məlumat təqdim etmək istədiyi ehtimal edilir. Hazırda GTA 6 ilə bağlı rəsmi açıqlama yoxdur və bütün məlumatlar şayiə xarakteri daşıyır.
Paylaş