GTA yaradıcılarının Edinburq ofisində fövqəladə vəziyyət!
Technote.az “BBC” platformasına istinadən bildirir ki, Edinburqda yerləşən Rockstar North ofisində baş verdiyi bildirilən partlayışla bağlı fövqəladə xidmətlər hadisə yerinə cəlb olunub. Şotlandiya Yanğın və Xilasetmə Xidməti bazar ertəsi səhər saat 05:00 radələrində Holyrood Road ünvanındakı binaya çağırılıb. Rəsmi məlumata görə, hadisə nəticəsində binada konstruktiv zədələnmə qeydə alınıb. Hadisə yerinə ümumilikdə altı yanğınsöndürən maşın göndərilib, lakin vəziyyət nəzarət altına alındıqdan sonra heyətlər saat 09:21-də geri çağırılıb.
Xoşbəxtlikdən, insident zamanı xəsarət alan olmayıb. Rockstar North nümayəndəsi açıqlamasında bildirib ki, hadisə bazar ertəsi səhər saatlarında isitmə sisteminə aid qazanlardan birində baş verən texniki nasazlıq nəticəsində yaranıb. Şirkət narahatlığını bildirən şəxslərə, eləcə də operativ şəkildə hadisə yerinə gələn polis və yanğınsöndürmə xidmətlərinə təşəkkür edib.
Rəsmi açıqlamada vurğulanıb ki, bütün əməkdaşlar təhlükəsiz vəziyyətdədir və studiya hazırda normal fəaliyyətini davam etdirir. Qeyd edək ki, Rockstar North Böyük Britaniyanın ən böyük oyun istehsalçılarından biridir və dünyaca məşhur Grand Theft Auto seriyasının yaradıcılarından biri kimi tanınır.
Paylaş