Logo
    main-post-cover

    Instacart beynəlxalq böyümə üçün Instaleap şirkətini satın aldı

    Digər
    14.04.2026
    Sevinj
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-nin məşhur onlayn ərzaq çatdırılma və retail texnologiya şirkəti olan Instacart beynəlxalq bazarda fəaliyyətini genişləndirmək məqsədilə Kolumbiyada yerləşən Instaleap şirkətini satın aldığını açıqlayıb. Sövdələşmənin maliyyə detalları isə ictimaiyyətə açıqlanmayıb.
    Instacart logo on a phone
        2019-cu ildə yaradılmış Instaleap supermarket və retail şəbəkələri üçün onlayn sifariş, logistika və çatdırılma əməliyyatlarını optimallaşdıran texnologiya platforması kimi fəaliyyət göstərir. Şirkət hazırda Latın Amerikası, Avropa və Yaxın Şərq daxil olmaqla təxminən 30 ölkədə müxtəlif müştərilərlə əməkdaşlıq edir. Instacart əsasən ərzaq çatdırılması xidməti ilə tanınsa da, son illərdə retail texnologiya və e-ticarət həllərinə ciddi investisiyalar edir. Şirkətin “Storefront Pro” platforması artıq Aldi, Costco, Publix və Sprouts daxil olmaqla 380-dən çox supermarket şəbəkəsinin onlayn satış infrastrukturunu idarə edir. Bundan əlavə, “Carrot Ads” reklam platforması vasitəsilə 310-dan çox retail şirkətinə rəqəmsal reklam imkanları təqdim olunur.
        Hazırda Instacart-ın birbaşa çatdırılma xidməti yalnız Şimali Amerikada aktivdir. Buna görə də Instaleap-in alınması şirkətə yeni regionlarda öz çatdırılma şəbəkəsini qurmağa ehtiyac olmadan beynəlxalq bazarlara daxil olmaq imkanı verəcək. Məlumata görə, Instaleap ilkin mərhələdə Instacart-ın tam nəzarətində olan ayrıca törəmə şirkət kimi fəaliyyət göstərəcək. Gələcəkdə isə Instacart öz digər enterprise texnologiyalarını da Instaleap-in beynəlxalq partnyorlarına təqdim etməyi planlaşdırır. Instacart rəhbərliyi bildirib ki, bu satınalma şirkətin qlobal retail texnologiya bazarında mövqeyini gücləndirməyə və omni-channel satış həllərini dünya üzrə daha çox tərəfdaşa təqdim etməyə kömək edəcək.
    Paylaş