
İT startaplar dövrü sona çatır. Niyə son 10 ildə böyük texnoloji şirkət yaranmadı?
Silikon Vadisi, qarajda və ya yataqxana otağında inqilabi
ideya yaradaraq şirkət açıb dünyanı dəyişməyə çalışan insanların gəldikləri həmin
yerdir. Bu cür hadisə keçən əsrin 70-ci illərində “Apple” və “Microsoft”, 90-cı
illərdə “Google” və “Yahoo”, 2000-ci ildən sonra isə “Facebook” kimi şirkətlərlə
baş verdi. Lakin bütün bu hadisələr artıq keçmişdə qalıb. Reallığa baxdıqda isə
əslində son 10 il ərzində “Google” və “Facebook” kimi müqayisə edilə biləcək
böyük bir texnoloji şirkət yaranmayıb. Bunun səbəbi nədədir? 2010-cu ildən
başlayaraq dünyada İT sahə üzrə startap çatışmazlığı var. Təbii ki, insanlar
hələ də startap yaratmaqla məşğuldurlar. Lakin sonuncu yaranmış ən uğurlu
texnoloji startap, “Facebook” hesab olunur. O isə 13 il bundan öncə istifadəyə
verilib. Bir qədər müddət bundan öncə hamı elə hesab edirdi ki, Silikon
Vadisinin növbəti texnoloji şirkəti məhz “Uber” olacaq. Lakin onun CEO-su şirkətdən
qovuldu, Rusiya Federasiyasında isə şirkət, Yandex Taxi ilə birləşdi. Onun gələcəyi
bir qədər şübhə altında qalır. Son 10 il ərzində yaranmış texnoloji startaplar,
böyük şirkətlər ilə müqayisə edilə bilməz. Airbnb, Uber-dən sonra ABŞ-ın ən
bahalı startap hesab olunur və 31 milyard dollar qiymətində dəyərləndirilir. Bu
cür göstərici isə “Facebook”un dəyərləndirilməsinin cəmi 7%-dir. Snap, Square və
Slack kimi startaplar isə daha az dəyərləndirməyə sahibdirlər. Burdan belə bir
sual yaranır. Nə baş verir? Vox saytının rəhbəri Timothy B. Lee bu sualı, Silikon Vadisinin
startap investorlarına verib. “90-cı illərdə Google və Amazon, bəlkə də özlərini
ilk səyahətçilər Kolumb və Vasko da Qama kimi hiss edirdilər. İnternet şirkətlərdən
olan ilk nümayəndələr, əl altında olan imkanlardan bəhrələnərək axtarış, sosial
şəbəkə və online ticarət kimi sahələri tutmağı bacarmışdılar. Pinterest kimi
gecikmiş nümayəndələr isə yerdə qalan artıqlarla kifayətlənməyə məcbur oldular”
– deyə “Social Capital” şirkətinin investoru Jay Zaveri bildirib.
Digər top menecer və investorlar bu suala bir qədər fərqli tərzdə
cavab veriblər. Müasir texnoloji şirkətlər, bazardakı hegemonluqlarına olan
mümkün təhlükələr barəsində xəbərdarlıq məsələsində çox ağıllı oldular. Belə
ki, onlar bütün mümkün bazarları tutur və hələ kiçik olduqları vaxtda öz rəqiblərini
alırlar. Tənqidçilərin fikrincə həmin böyük şirkətlər həmçinin internet
infrastrukturunun idarəolunmasını və onun əsas hissələrini bağlamağı öyrəndilər.
Beləliklə işə yenicə başlayan internet şirkətlər üçün bazara çıxışlar bağlanır.
Nəticədə internet texnologiyaları sahəsi bir növ monopoliyanı xatırlatdı. Həmin
monopoliya sahəsində isə hər şeyi idarə edən böyük şirkətlərdir. Böyük
texnoloji şirkətlər mütəmadi olaraq startapları, onların ilkin mərhələsində
alırlar. Silikon Vadisində hər bir kəs bilir ki, “Sun Microsystems”, “AOL” və “Yahoo” kimi şirkətlər, texnoloji
sahələrdəki böyük dəyişikliklər səbəbindən öldülər. Vençur investoru Phin
Barnes-in fikrincə hal hazırki böyük texnoloji şirkətlər, keçmiş şirkətlərin səhvlərini
incələmiş və həmin səhvləri təkrarlamaq niyyətində deyillər. Məsələn, “Facebook”
üçün ilk sınaq, smartfonların peyda olması idi. İlk vaxtlarda Facebook sadəcə
olaraq bir sayt idi və smartfonların inkişaf etməyə başladıqları bir dövrdə
mobil tətbiqin olmaması, şirkəti pis vəziyyətdə qoya bilərdi. “Yahoo” şirkəti
ilə məhz bu hadisə baş verdi. Lakin, Mark Zuckerberg, smartfonların gələcəyini
öncədən görərək Facebook-un mobil versiyasını hazırlamağı əsas məqsədə çevirdi.
Bundan əlavə olaraq Zuckerberg, böyük istifadəçi bazası yığan müxtəlif mobil tətbiqləri
almağa başlamışdı. 2012-ci ildə o, 1 milyard dollara Instagram-ı aldı. Həmin
vaxtda Instagram-da bir neçə insan çalışırdı. Bir neçə ildən sonra isə Mark, WhatsApp-ı
19 milyard dollara aldı.
“Facebook”un CEO-su, “Google” şirkətinin prinsipi ilə
çalışırdı. Belə ki, 2006-cı ildə “Google”, YouTube-u 1.65 milyard dollara almışdı.
2005-ci ildə isə “Android” adlı az tanınmış şirkəti aldı. Həmin şirkət isə
mobil əməliyyat bazarını ələ keçirtməkdə “Google”a yardımçı oldu. Statistikaya əsasən
ən məşhur sosial şəbəkələr siyahısında Facebook-dan sonra WhatsApp və YouTube gəlir.
Siyahıdan Çin saytlarını çıxsaq növbəti nümayəndə isə Instagram-dır. Əgər bütün
bu şirkətlər öz müstəqilliklərini qoruyub saxlasaydılar, onda onlar asanlıqla “Google”
və “Facebook”-a böyük rəqib ola bilərdilər. Lakin bunun yerinə onlar bu iki
texnoloji nəhəngin imperiyasının bir hissəsinə çevrildilər. “Amazon” da eynilə
bu strategiya üzrə gedir. 2009-cu ildə şirkət, Zappos adlı online mağazanı, 1
ildən sonra isə ABŞ-da gənc valideynlər arasında məşhur olan Diapers.com
saytının yaradıcısı Quidsi-ni aldı. Müstəqil texnoloji şirkətlər, sərt rəqabətlə
üzləşirlər. Lakin böyük şirkətlərin təkliflərini qəbul etməyən startaplar da
var. Məsələn, 2013-cü ildə Snapchat-ın CEO-su Evan Spiegel öz şirkətinin “Facebook”
tərəfindən alınması təklifini rədd etmişdi. Həmin vaxtda Mark Zuckerberg ona 3
milyard dollar təklif etmişdi. Bu il isə Spiegel öz şirkətini ilk dəfə olaraq
IPO-ya çıxartdı. Cavab olaraq “Facebook”, Snapchat-dakı funksiyalara bənzəyən
özəl funksiyalar yaratdı. Məsələn, keçən il Instagram-da Stories bölməsi
istifadəyə verildi. Halbuki bu funksiya ilk öncə Snapchat-da yaranmışdı. Nəticədə
yarım il ərzində Instagram Stories funksiyasından daha çox insan istifadə etdi nəinki
Snapchat-ın özündən. Beləliklə Instagram ilə rəqabət nəticəsində “Snap” şirkətinin
səhmlərinin qiyməti aşağı düşməyə başladı.
2012-ci ildə “Yelp” şirkətinin CEO-su Jeremy Stoppelman, “Google”
və “Yahoo” ilə birləşmək təkliflərini rədd edərək öz şirkətini IPO-ya çıxartdı.
Buna cavab olaraq “Google”, yerli xidmətlər bazarında özünün rəylər servisini
yaratdı. Stoppelman-ın fikrincə “Google” öz məhsulunu irəli çəkmək üçün şəbəkədəki
hegemonluğundan istifadə edir. “Google, orqanik axtarış nəticələrini idarə etməyə
başladı. Yelp-in səhifələri, Google axtarış nəticələrində aşağı yerlərdə əks
olunur. Beləliklə şirkət, yeni istifadəçini cəlb etməkdə çətinlik çəkir” – deyə
Stoppelman bildirib. Sərt rəqabət qarşısındakı qorxu, böyük şirkətlər ilə birləşmək
baxımından müstəqil startaplar üçün əla motivasiya ola bilər. İlk öncə Quidsi, “Amazon”a
satılmaq təklifini rədd etmişdi. Həmin vaxtda “Amazon”, uşaq bezlərinə olan
qiyməti aşağı salmağı qərara aldı. “Quidsi-nin rəhbərləri, Procter&Gamble-ın
çatdırılma və topdan satış qiymətlərini incələdilər. Nəticədə onlar başa düşdülər
ki, 3 ay ərzində Amazon, qiymətləri aşağı salmaq qərarı nəticəsində 100 milyon
dollar zərərə gedəcək. Amazon bu cür itki ilə üzləşməyə hazır idi. Lakin Quidsi
üçün bu cür itki yolverilməz idi. Buna görə də 2010-cu ildə Quidsi, Amazon-a
satıldı” – deyə “The Everything Store: Jeff Bezos
and the Age of Amazon” kitabının müəllifi Brad Stone bildirib. Müasir
startaplara, sağ qalmaq üçün daha çox vəsait lazımdır. “Yahoo”, “eBay”, “Google”
və “Facebook” kimi klassik İT startaplar kiçik xərclər sayəsində işə başlayaraq
bir neçə ilə böyük gəlirlər əldə etməyi bacardılar. “Mark Zuckerberg-də böyük
üstünlük var idi. Çünki o, bir çox ideyaları istifadə edirdi və adi insanların,
hansısa şirkət yaratmaq istədiklərində keçirtdikləri həyəcandan məhrum idi” – deyə
“Floodgate” şirkətinin investoru Mike Maples bildirib.
Zuckerberg, Facebook-u 2004-cü ildə istifadəyə verdi və
baxmayaraq ki, ondan milyona yaxın insan istifadə edirdi, saytın daxilindəki özəlliklər
ucuz başa gəlirdi. Zuckerberg-in layihəsi tez bir zamanda mənfəət gətirməyə
başladı. Facebook böyüyürdü və sayt çox gəlirli olmuşdu. Nəticədə şirkət, külli
miqdarda pula sahib oldu. Həmin vəsaitləri isə müxtəlif startapların alınmasına
və yeni ideyaların reallaşdırılmasına xərcləmək olardı. Lakin son illərdə vəziyyət
dəyişib. İnvestorlar, hakim mövqe tutan böyük texnoloji şirkətlərin mənfəətlərini
yaxşı anladılar. Məhz buna görə onlar, bazarı tutmağa çalışan startaplara pul
yatırmağa çalışırlar. Maraqlısı bundadır ki, bu cür prinsip hansısa şirkətin
bazarda seçilməsinə imkan vermir. Car-sharing bazarında vəziyyət hal hazırda bu
cürdür. Uber ilə Lyft, öz aralarında uzun illərdir ki, qiymət müharibəsi
aparırlar. Uber-ə bu müharibə bir neçə milyard dollara, Lyft-ə isə bir neçə
milyon dollara başa gəldi. Bazarın əsasə oyunçuları, müştəri axtarışında olan
startapların yerləşdikləri platformaları mütəmadi olaraq idarə edirlər. “Facebook
böyüdü, çünki “mənə elektron poçt ünvanınızı verin və mən sizin dostlarınızı
Facebook-a dəvət edim” prinsipi ilə çalışırdı. Facebook öz platformasında bu
üsuldan digər nümayəndələrin istifadəsi üçün şərait yaradır mı? Təbii ki, yox.
Bu halda vəziyyət tamamilə başqa cürdür: “Girişə görə 4$ ödə və biz sənə
istifadəçilər gətirəcəyik. Üstəlik onların vasitəsilə gəlir də əldə edəcəyik””
– deyə Stoppelman bildirib. Beləliklə baxmayaraq ki, indiki vaxtda online
servis yaratmaq asandır, potensial müştərilərə öz məhsulunu təqdim etmək üçün
şirkətlər milyonlarla dollar vəsaiti reklama xərcləyirlər. Reklam vəsaitlərinin
böyük bir hissəsi isə “Facebook” və “Google” şirkətlərinə gedir.
Bütün bu çətinliklər səbəbilə hətta ən innovasiyalı ideyaya
sahib startap da müştəri cəlb etmə baxımından çətinliklər yaşayacaq. Cəlbedici
online servis yaratma imkanlarının dar olması səbəbilə böyük İT şirkətlər yarana
bilmir. Bir neçə ay bundan öncə hamı internetdə, bahalı şirəçıxaran cihaz
satışı ilə məşğul olan Juicero adlı startapa gülürdü. Bu cür bahalı məhsula
investisiya yatırmış investorların olma faktı, onların, kütləvi bazara hədəflənmiş
məhsulu dəstəkləyə bilməmələrindən xəbər verir. Lakin, Snap, Square və
Pinterest kimi gənc İT startapları misal götürək. Çətinki onlar “Apple”,
“Amazon” və “Google” kimi öz ilkin vaxtlarında böyük innovasiyalı addımlar
atsınlar. Bu cür hallar əvvəllər də baş verirdi. Keçən əsrin 50-ci, 60-cı və
70-ci illərində yarımkeçiricilər sahəsində əsl innovasiya partlayışı yaşanırdı.
Lakin sonradan bazar sakitləşdi və onu “Intel”, “Samsung” və “Qualcomm” kimi
şirkətlər idarə etməyə başladılar. Silikon Vadisində innovasiyaların
yaranmasına son qoyulmadı. Sadəcə olaraq innovasiyalar, mikrosxem sahəsindən
digər sahələrə keçid etdilər. 80-ci illərdə proqram təminatı ilə məşğul olmuş “Microsoft”,
“Adobe” və “Intuit” kimi şirkətlər yarandı. Onlar indiyənə kimi yaxşı gəlir əldə
edirlər və sənayedə startaplar üçün o qədər də çox yer qalmayıb. Çox güman ki,
tətbiq və online servis sahəsində də vəziyyət bu cürdür. Müxtəlif növ tətbiqlər
yaratmaq olar. Lakin “Google”, “Facebook” və “Snap” kimi şirkətlər, bazarın
böyük bir hissəsini tutublar.
Təbii ki, bu o demək deyil ki, biz Silikon Vadisində
innovasiyalar görməyəcəyik. Onlar yaranacaqlar. Lakin bizim son 20 ildə
gördüyümüz innovasiyalardan tamamilə fərqli tərzdə təqdim olunacaqlar. Misal
olaraq “Tesla” şirkətini gətirək. Digər tərəfdən bu, Silikon Vadisinin klassik
şirkətlərindən biridir. Onun ofisi Palo-Altoda yerləşir və orda sensor
interfeysdən tutmuş avtopilot sistemə kimi müxtəlif funksiyaları hazırlayan
proqramçılar çalışırlar. Bir tərəfdən isə “Tesla”, Silikon Vadisinin standart
şirkətlərindən fərqlənir. “Apple” öz iPhone cihazlarını Çində istehsal edir, “Tesla”nın
isə Kaliforniya ştatında avtomobil zavodu var. Uber ilə Airbnb, avtomobil və
evlərə sahib deyillər. “Tesla” isə günəş batareyaları istehsal edən fabrikə
milyardlarla dollar vəsait xərcləyir. Beləliklə “Google”, “Facebook” və “Amazon”
kimi şirkətlərin hakim mövqe tutmalarına baxmayaraq onların, texnoloji
innovasiya nəhəngləri kimi həmişə öz yerlərini qoruyub saxlayacaqları faktı da
yoxdur. İnnovasiyalar, gözlənilməz istiqamətdə baş verə bilərlər. Məsələn nəinki
mobil tətbiqlər sahəsində, həmçinin elektromobil və çatdırılma ilə məğul olan
dronlar sahəsində. Biz, Silikon Vadisini, interneti və innovasiyaları
bir-birindən ayrılmayan hissələr kimi qəbul etməyə öyrəşmişik. Lakin
innovasiyaların yeni dalğası, bizim onu əvvəllər gördüyümüzdən daha fərqli şəkildə
ola bilər.
Mənbə: Müəllif Timothy B. Lee (www.vox.com)
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...