Microsoft-un karbon emissiyaları AI səbəbindən 25 % artdı
Microsoft-un AI sahəsinə yönəltdiyi böyük investisiyalar şirkətin karbon emissiyalarının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Şirkətin dərc etdiyi 2026-cı il Ətraf Mühit Dayanıqlılığı Hesabatına əsasən, 2025-ci maliyyə ilində karbon emissiyaları əvvəlki illə müqayisədə 25 % yüksəlib. Hesabatda qeyd olunur ki, emissiyaların artmasının əsas səbəbi süni intellekt xidmətlərini dəstəkləmək üçün tikilən yeni məlumat mərkəzləri və bu infrastrukturun yaratdığı yüksək enerji tələbatıdır. Microsoft etiraf edir ki, AI texnologiyalarının sürətlə inkişafı enerji, su, torpaq və digər resurslara olan ehtiyacı artırır, lakin dayanıqlılıq həlləri bu artıma eyni sürətlə cavab verə bilmir.
Bu göstərici Microsoft-un 2020-ci ildə açıqladığı 2030-cu ilə qədər "carbon negative" şirkətə çevrilmək hədəfi ilə ziddiyyət təşkil edir. Karbon mənfi statusu şirkətin atmosferdən buraxdığından daha çox karbon çıxarması deməkdir. Hədəfə çatmaq üçün isə Microsoft-un cəmi dörd ili qalıb. Şirkətin Dayanıqlılıq üzrə Baş Direktoru Melanie Nakagawa bildirib ki, AI sahəsindəki sürətli inkişaf planları dəyişsə də, Microsoft karbon mənfi olma məqsədindən geri çəkilmir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Paylaş