MrBeast şirkətində qalmaqal: Keçmiş əməkdaş məhkəməyə müraciət etdi
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, ABŞ-də məşhur YouTuber Jimmy Donaldson-ın şirkəti ətrafında qalmaqal böyüyür. “MrBeast” kimi tanınan kontent yaradıcısının rəhbərlik etdiyi Beast Industries şirkətinin keçmiş rəhbər əməkdaşlarından biri ciddi ittihamlarla məhkəməyə müraciət edib.
Şirkətin sabiq əməkdaşı Lorrayne Mavromatis iddia edir ki, o, illər ərzində iş yerində psixoloji təzyiqə, cinsi xarakterli qeyri-münasib davranışlara və ayrı-seçkiliyə məruz qalıb. Məhkəmə sənədlərinə əsasən, Mavromatis və digər qadın əməkdaşlar kişi həmkarları tərəfindən alçaldılıb və şirkətdə “kişilərin üstünlük təşkil etdiyi zəhərli iş mühiti” formalaşıb. Şikayətdə həmçinin vurğulanır ki, Mavromatis analıq məzuniyyəti dövründə belə işləməyə məcbur edilib və işə qayıtdıqdan cəmi bir neçə həftə sonra işdən çıxarılıb.
Digər diqqətçəkən məqam isə şirkətdə rəsmi iş qaydalarının olmaması ilə bağlıdır. İddialara görə, Beast Industries-də standart əmək kitabçası əvəzinə qeyri-rəsmi qaydalar toplusu istifadə olunub. Bu sənəddə “İş saatlarının miqdarı əhəmiyyətli deyil” kimi mübahisəli ifadələrin yer aldığı bildirilir. Qeyd edək ki, Jimmy Donaldson daha əvvəl 2024-cü ildə də “Beast Games” şousunun iştirakçıları tərəfindən oxşar ittihamlarla məhkəməyə verilmişdi.
Şirkət isə ittihamları qəti şəkildə rədd edir. Beast Industries-in nümayəndəsi Gaude Paez bildirib ki, iddia “şöhrət qazanmaq məqsədilə irəli sürülmüş və həqiqəti əks etdirməyən” məlumatlara əsaslanır. Şirkət tərəfi Slack və WhatsApp yazışmaları, daxili sənədlər və şahid ifadələri ilə bu iddiaların təkzib olunacağını açıqlayıb.
Paylaş