Netflix-in qurucusu Reed Hastings idarə heyətindən ayrılır
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Netflix şirkətinin həmtəsisçisi və idarə heyətinin sədri Reed Hastings vəzifəsindən ayrılmağa hazırlaşır. Şirkətin açıqlamasına görə, Hastings-in səlahiyyət müddəti bu yay iyun ayında başa çatdıqdan sonra o, rəsmi olaraq idarə heyətindən gedəcək. Şirkət bu qərarın səbəbi kimi Hastings-in bundan sonra daha çox xeyriyyəçilik fəaliyyətlərinə və digər şəxsi layihələrinə fokuslanmaq istədiyini bildirib. O, səhmdarlara ünvanlanan məktubda Netflix-də keçirdiyi illəri həyatının ən önəmli dövrlərindən biri kimi dəyərləndirib.
Hastings bildirib ki, onun Netflix-də əsas töhfəsi konkret bir qərar deyil, daha çox istifadəçi məmnuniyyətinə fokuslanan korporativ mədəniyyət qurmaq olub. O, xüsusilə 2016-cı ildə platformanın demək olar ki, bütün dünyada istifadəyə açılmasını karyerasının ən unudulmaz anı kimi qeyd edib. 1999-cu ildə Marc Randolph ilə birlikdə DVD-lərin poçtla kirayəsi modelini yaradan Hastings, sonradan şirkəti qlobal striminq nəhənginə çevirdi. Netflix-in inkişafı nəticəsində ənənəvi video kirayə biznesi, o cümlədən Blockbuster kimi iri şirkətlər bazardan silindi. Şirkət 2023-cü ildə DVD xidmətlərini tamamilə dayandıraraq rəqəmsal yayım modelinə keçidi tamamladı.
Bu gün Netflix dünya üzrə əyləncə sənayesinin əsas oyunçularından biri hesab olunur və Amazon, Disney və HBO kimi rəqiblərin də striminq bazarına daxil olmasına səbəb olub. Şirkətin açıqlamasında qeyd olunub ki, Hastings-in qurduğu innovasiya və yüksək performans mədəniyyəti Netflix-in bugünkü uğurunun əsasını təşkil edir. Eyni zamanda, Netflix gələcəkdə generativ süni intellekt kimi yeni texnologiyalara daha çox yatırım etməyi planlaşdırır. Şirkət bu istiqamətdə Ben Affleck ilə əlaqəli AI startapını da satın alıb. 2026-cı ilin ilk rübünün maliyyə nəticələrinə görə, Netflix-in gəlirləri 12.25 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16.2 % artım deməkdir. Şirkətin xalis mənfəəti isə 83 % artaraq 5.28 milyard dollar olub.
Paylaş