“Netflix Playground” istifadəyə verildi
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Netflix uşaqlar üçün nəzərdə tutulmuş yeni interaktiv oyun tətbiqini təqdim edib. “Netflix Playground” adlanan bu platforma video izləmə xidməti deyil, 8 yaşa qədər uşaqlar üçün hazırlanmış xüsusi oyun tətbiqidir və Netflix abunəçiləri üçün tamamilə pulsuz təqdim olunur.
Şirkətin açıqlamasına görə, tətbiqdə heç bir reklam və tətbiqdaxili ödəniş mövcud deyil. Bu isə valideynlər üçün daha təhlükəsiz və nəzarət edilə bilən rəqəmsal mühit yaradır. İstifadəçilər tətbiqi yükləyib Netflix hesablarına daxil olduqdan sonra internet bağlantısı olmadan belə oyunlardan istifadə edə bilirlər.
“Netflix Playground” platformasında Peppa Pig, Sesame Street, StoryBots və Dr. Seuss kitabları əsasında hazırlanmış müxtəlif öyrədici və əyləncəli oyunlar yer alır. Netflix ötən il HBO ilə müqavilənin bitməsindən sonra “Sesame Street” proqramının yayım hüquqlarını əldə etmiş və serialın 56-cı mövsümünün ilk yeni epizodunu noyabr ayında yayımlamışdı.
Son dövrlərdə uşaq məzmunu istehsalçıları arasında oyun və interaktiv tətbiqlərə yönəlmə trendə çevrilib. Netflix artıq əsas platformasında böyüklər üçün oyunlar təqdim etsə də, “Netflix Playground” şirkətin uşaqlar üçün ayrıca oyun ekosistemi qurmaq istiqamətində yeni addımı kimi qiymətləndirilir.
Tətbiq hazırda ABŞ-də iOS və Android cihazları üçün istifadəyə açıqdır və 28 aprel tarixindən etibarən qlobal istifadəyə veriləcək.
Paylaş