Netflix–Warner Bros. Discovery razılaşması Senatda müzakirə olundu
Technote.az “Ars Technica” platformasına istinadən bildirir ki, Netflix Warner Bros. Discovery-yə (WBD) məxsus HBO Max və film studiyalarını almaq planı ilə bağlı artan narahatlıqlara cavab verib. ABŞ Senatında keçirilən dinləmədə Netflix-in həmsədri Ted Sarandos bildirib ki, bu mümkün birləşmə istifadəçilər üçün qiymət artımına səbəb olmayacaq.
ABŞ Senatının Antiinhisar və İstehlakçı Hüquqları üzrə Alt Komitəsində çıxış edən Sarandosun sözlərinə görə, Netflix və HBO Max bir-birini tamamlayan platformalardır. O qeyd edib ki, HBO Max istifadəçilərinin təxminən 80 faizi eyni zamanda Netflix abunəçisidir:
“Biz istehlakçılara daha çox məzmunu daha aşağı dəyərə təqdim edəcəyik.”
Senator Amy Klobuchar Netflix-in 2025-ci ilin yanvarında etdiyi qiymət artımını xatırladaraq, mümkün birləşmədən sonra xidmətin necə “əlçatan” qalacağını soruşub. Sarandos isə bildirib ki, striminq bazarı hələ də yüksək rəqabətlidir və istifadəçilər istədikləri zaman abunəliyi “bir kliklə” ləğv edə bilirlər:
“Əgər istifadəçi aldığı dəyərə görə qiyməti yüksək hesab edirsə, istənilən vaxt abunəliyi dayandıra bilər.”
Sarandos əlavə edib ki, Netflix ABŞ Ədliyyə Nazirliyi ilə qiymət artımlarını məhdudlaşdıracaq qoruyucu mexanizmlər üzərində işləyir. Onun fikrincə, bu birləşmə inhisar riski yaratmır və istehlakçılar üçün daha çox dəyər formalaşdıracaq. Netflix rəhbəri həmçinin bildirib ki, şirkət üçün əsas dəyər yalnız qiymət deyil, məzmunun keyfiyyətidir. Onun sözlərinə görə, Netflix istifadəçiləri izlədikləri hər saat məzmun üçün orta hesabla 35 sent ödəyir, bu göstərici Paramount+ üçün təxminən 90 sent təşkil edir. Dinləmə zamanı Sarandos striminq bazarında Google, Apple və Amazon kimi texnologiya nəhənglərinin də ciddi rəqib olduğunu vurğulayıb və Netflix-in inhisara çevrilməsi ilə bağlı iddiaları zəiflətməyə çalışıb. O bildirib ki, HBO Max ilə birləşmə baş tutarsa belə, Netflix-in SVOD bazarındakı payı təxminən 21 faiz olacaq.
Paylaş