Newegg-un Trade-In qiymətləri müzakirə olunur
Newegg köhnə videokartını yenisi ilə əvəz etmək istəyən istifadəçilər üçün rahat Trade-In proqramı təklif edir. Lakin qiymət müqayisələri göstərir ki, köhnə videokartı Newegg-ə təhvil vermək əvəzinə onu ikinci əl bazarında özünüz satmaq xeyli daha sərfəli ola bilər. Newegg-un GPU Trade-In proqramının işləmə prinsipi olduqca sadədir. İstifadəçi uyğun yeni məhsulu seçir, əlindəki köhnə komponent haqqında məlumat verir və alışını tamamlayır. Bundan sonra Newegg köhnə avadanlığın göndərilməsi üçün əvvəlcədən ödənilmiş UPS etiketi təqdim edir. Məhsul yoxlamadan uğurla keçərsə, əvvəlcədən müəyyən edilmiş məbləğ istifadəçinin ödəniş etdiyi hesaba geri qaytarılır. Problem isə Newegg-un köhnə komponentlər üçün təklif etdiyi qiymətlərdədir. Bəzi hallarda bu məbləğlər ikinci əl bazarındakı satış qiymətlərindən ciddi şəkildə aşağıdır.
Məsələn, RTX 2060 Super 8 GB üçün Newegg cəmi 60 dollar təklif edir. Halbuki işlək vəziyyətdə olan Zotac RTX 2060 Super eBay-də iyulun 13-də 161,99 dollara satılıb. Aradakı fərq təxminən 102 dollardır. Oxşar vəziyyət daha yeni və bahalı videokartlarda da müşahidə olunur. ASUS Prime RTX 5070 eBay-də 565 dollara satıldığı halda, Newegg həmin model üçün 400 dollar Trade-In dəyəri təklif edir. RTX 3080 Ti Founders Edition isə eBay-də 500 dollara satılıb, Newegg-un təklifi isə 380 dollardır. Əlbəttə, eBay-də göstərilən rəqəmlər ayrı-ayrı satış nümunələridir və videokartın real qiyməti istehsalçı, vəziyyət, komplektasiya və tələbdən asılı olaraq dəyişə bilər. Bundan əlavə, məhsulu özünüz satdıqda platforma komissiyası, çatdırılma xərcləri və alıcı tapmaq kimi əlavə məsələlər də ortaya çıxır.
Newegg-un əsas üstünlüyü məhz rahatlıqdır. Şirkət çatdırılma xərcini qarşılayır və istifadəçiyə köhnə komponenti göndərmək üçün 14 gün vaxt verir. Avadanlıq qəbul edilməzsə, onun geri göndərilməsi üçün də istifadəçidən əlavə ödəniş tələb olunmur. Göndərilən komponentlər kifayət qədər ətraflı yoxlamadan keçirilir. Newegg model və seriya nömrəsini, fiziki zədələri, pas və korroziyanı, ventilyator və portların işləməsini, temperatur göstəricilərini, səs səviyyəsini və performansı yoxlayır. Yoxlama prosesi təxminən 10-15 iş günü, pulun geri qaytarılması isə əlavə 3-5 gün çəkə bilər.
Paylaş
Bənzər xəbərlər
