NVIDIA rəhbəri Jensen Huang istefa verib
“NVIDIA”nın qurucusu və baş direktoru Jensen Huang vəzifəsindən istefa verib. Şirkətin rəhbərliyindəki dəyişiklik Huang-ın şəxsi münasibətləri və Çin kəşfiyyatı ilə bağlı iddiaların gündəmə gəlməsindən bir neçə gün sonra baş verib. “NVIDIA”nın maliyyə direktoru Colette Kress müvəqqəti baş direktor təyin edilib.
Məlumata görə, şirkətin direktorlar şurası Jensen Huang-ın xarici kəşfiyyat tərəfindən hədəfə alınıb-alınmadığını araşdırmağa başlayıb. Buna səbəb onun Sinqapurda yerləşən “Megaspeed” məlumat mərkəzi şirkətinin rəhbərlərindən Alice Huang ilə nikahdankənar münasibətdə olması barədə xəbərlərdir. Alice Huang-ın Çin kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilir, lakin bu məlumatlar hələ təsdiqlənməyib.
“Megaspeed” “NVIDIA” çiplərindən istifadə edən məlumat mərkəzləri ilə məşğuldur və Çin süni intellekt şirkətlərinə hesablama gücü təqdim edir. “The Information” nəşrinin məlumatına görə, Alice Huang-ın əlaqəli olduğu iddia edilən şirkətlər şəbəkəsi Çinə 7,5 milyard dollar dəyərində çip satışında rol oynayıb. Bununla belə, Jensen Huang-ın məxfi məlumatları ötürdüyünə dair təsdiqlənmiş nəticə açıqlanmayıb.
Hadisə ilə bağlı başqa iddialar da ortaya çıxıb. “The New York Times” Huang-ın “NVIDIA”da birbaşa tabeliyində çalışan əməkdaşlardan biri ilə də şəxsi münasibətdə olduğunu yazıb. Eyni zamanda, şirkət və Huang investorları yanlış məlumatlandırmaq ittihamı ilə kollektiv məhkəmə iddiası ilə üzləşib.
“NVIDIA” direktorlar şurası məsələnin müstəqil araşdırılması üçün keçmiş ABŞ federal prokuroru Joon H. Kim və “Wachtell, Lipton, Rosen & Katz” hüquq şirkətini cəlb edib. Araşdırmada həm şirkətin daxili qaydalarına əməl olunması, həm də kommersiya sirlərinin təhlükəsizliyi ilə bağlı sualların cavablandırılması gözlənilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...