Olimpiada zamanı ən maraqlı anlar Getty Images-də gündəm oldu
Technote.az “Gizmodo” platformasına istinadən bildirir ki, Getty Images saytına daxil olub “figure skating” axtarışını edib “Editorial” bölməsini və “Newest” sıralamasını seçən hər kəs Qış Olimpiadasının ən dramatik və eyni zamanda ən əyləncəli anlarına şahid ola bilər.
Hər dörd ildən bir keçirilən Olimpiya oyunları bir daha sübut edir ki, peşəkar fotoqrafiya sənəti hələ də öz aktuallığını qoruyur. Xüsusilə fiqurlu konkisürmə yarışlarında çəkilən yüksək emosiyalı üz ifadələri və gərgin anlar internet istifadəçiləri üçün ayrıca maraq mövzusuna çevrilir. Fiqurlu konkisürmə idman növü həm fiziki güc, həm də estetik təqdimat tələb edir. İdmançılar buz üzərində mürəkkəb elementləri icra edərkən üzlərində yaranan gərginlik, fokus və emosional partlayış anları fotoqrafların obyektivindən qaçmır. Bəzən bu ifadələr dramatik, bəzən isə istər-istəməz komik görünür.
Xüsusilə kişilər arasında fərdi çıxışlar artıq başa çatıb və həmin yarışlardan yüzlərlə yeni foto yayımlanıb. İdmançının havada salto etdiyi an, eniş zamanı balansı itirməsi və ya proqramın sonunda emosional reaksiya verməsi, bütün bu məqamlar saniyənin mində birində dondurularaq vizual hekayəyə çevrilir. Getty Images fotoları kommersiya istifadəsi üçün ödənişlidir və üzərində su nişanı (watermark) yerləşdirilir. Lakin sayt istifadəçilərə həmin şəkillərə sərbəst baxmaq imkanı verir. Axtarış zamanı bəzən sürət konkisürməsi ilə bağlı fotolar da qarşınıza çıxa bilər, amma bir neçə səhifədən sonra əsas fiqurlu konkisürmə kadrlarına çatmaq mümkündür.
Paylaş