OpenAI-ın ikinci ən yüksək vəzifəli rəhbəri Fidji Simo geri çəkilir
OpenAI-ın baş icraçı direktoru Sam Altman-ın ən yaxın rəhbər komandasında yer alan Fidji Simo şirkətdəki tamştat fəaliyyətini dayandırır. Bu barədə ilk olaraq The Wall Street Journal məlumat yayıb. Simo əməkdaşlara göndərdiyi daxili məktubda bildirib ki, səhhəti ilə bağlı götürdüyü tibbi məzuniyyət gözləniləndən daha uzun çəkib və bərpa prosesi çətin keçdiyi üçün tamştat vəzifəsini davam etdirə bilməyəcək. O, bundan sonra OpenAI-da yalnız yarımştat məsləhətçi kimi fəaliyyət göstərəcək.
Fidji Simo 2025-ci ilin may ayında OpenAI-a Tətbiqlər üzrə CEO vəzifəsində qoşulmuşdu. Bu vəzifə şirkətdə yeni yaradılmışdı və OpenAI-ın məhsul, biznes və kommersiya istiqamətlərini vahid rəhbərlik altında birləşdirirdi. Həmin dövrdə əməliyyat direktoru Brad Lightcap, maliyyə direktoru Sarah Friar və məhsul direktoru Kevin Weil birbaşa Simoya hesabat verməyə başlamış, Sam Altman isə diqqətini əsasən süni intellekt araşdırmaları, hesablama infrastrukturu və təhlükəsizlik məsələlərinə yönəltmişdi. Onun gedişi OpenAI üçün mühüm vaxta təsadüf edir. Şirkətin yaxın illərdə birja debütü (IPO) etməsi gözlənilir və Fidji Simo bu prosesdə daha böyük məsuliyyət daşıya biləcək əsas namizədlərdən biri hesab olunurdu.
Paylaş