
Özbəkistan region və Azərbaycan startapları üçün 1 milyon dollarlıq mükafat fondu təklif edir
Özbəkistanın dövlət dəstəkli IT Park qurumu tərəfindən həyata keçirilən “Digital Startup Awards” proqramı Azərbaycan da daxil olmaqla region ölkələrində fəaliyyət göstərən innovativ startaplar üçün yeni imkanlar açır. Ümumi mükafat fondu 1 milyon dollar olan proqram çərçivəsində startaplara maliyyə, təlim, mentorluq və beynəlxalq bazara çıxış təklif olunur.
Proqram üç əsas istiqamətdə həyata keçirilir: inkubasiya, akselerasiya və müsabiqə. Startaplar fəaliyyət mərhələlərinə uyğun olaraq bu istiqamətlərdən birinə müraciət edə və təklif edilən imkanlardan faydalana bilərlər.
İnkubasiya mərhələsi ideya və MVP səviyyəsində olan startaplara yönəlib. Seçilən 25 komanda 10 həftəlik onlayn proqramda iştirak edəcək. Bu müddətdə beynəlxalq ekspertlərlə təlimlər, praktiki tapşırıqlar və simulyasiyalar vasitəsilə bacarıqlar inkişaf etdiriləcək. Proqramı uğurla tamamlayan 15 komandaya 10 min dollarlıq maliyyə, media və PR dəstəyi olacaq.

Akselerasiya mərhələsi məhsulu bazarda olan və ilkin satış təcrübəsinə malik komandalar üçün nəzərdə tutulub. Bu mərhələdə iştirakçılar 3 ay müddətində Daşkənddə yaşayıb işləməklə yanaşı, korporativ əlaqələr, marketinq dəstəyi və 50 min dollara qədər investisiya imkanı qazanacaqlar. Onlara əlavə raundlara çıxış və beynəlxalq təqdimat dəstəyi də veriləcək.
Proqramın əsas müsabiqə komponenti isə “Digital Startup Awards” müsabiqəsidir. “Seed” və “Series A” mərhələsində olan startaplar iki mərhələli formatda yarışaraq 40 min, 25 min və 15 min dollarlıq mükafatlar uğrunda mübarizə aparacaqlar. Ən uğurlu qadın təsisçi isə əlavə 10 min dollar mükafatla təltif olunacaq.
“Digital Startup Awards” sadəcə bir yarış deyil, həm də region startapları üçün inkişaf, görünürlük və qlobal investor şəbəkəsinə çıxış baxımından əhəmiyyətli bir platformadır. Startapını böyütmək və beynəlxalq uğura çevirmək istəyənlər qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link: https://bit.ly/3IWTSHX
Paylaş
Bənzər xəbərlər