Logo
    Plaion NeoGeo AES+ oyun konsolunun buraxılışını 10 ay təxirə salıb

    Plaion NeoGeo AES+ oyun konsolunun buraxılışını 10 ay təxirə salıb

    Digər
    11.09.2026
        “Plaion” şirkəti “NeoGeo AES+” konsolunun buraxılışını 10 ay təxirə salıb. “SNK” şirkətinin orijinal “NeoGeo” sistemini aparat səviyyəsində təkrarlayan cihaz 16 sentyabr 2027 tarixində satışa çıxacaq. Şirkət gecikməni süni intellekt sektorunda tələbatın artması nəticəsində yaranan RAM qıtlığı və konsola gözləniləndən çox maraq göstərilməsi ilə izah edir. Yeni model oyunları proqram vasitəsilə təqlid etmir. Bunun əvəzinə orijinal qurğunun işi fiziki çiplərlə təkrarlanır.
    Plaion NeoGeo AES+ oyun konsolunun buraxılışını 10 ay təxirə salıb
        Konsolda ayrı-ayrı tapşırıqları yerinə yetirmək üçün hazırlanmış ASIC çipləri işlədilir. Qurğuda “Motorola 68000” və “Zilog Z80A” kimi köhnə prosessorların müasir surətlərinin də yer alacağı gözlənilir. Layihənin komandasında uzun illər “MiSTer” üçün proqram nüvələri hazırlayan “Jotego” da çalışır. Cihazın 5 V enerji sistemi sayəsində orijinal oyun kartricləri əlavə dəyişiklik edilmədən işləyəcək.
        “NeoGeo AES” üçün buraxılmış bütün oyun kartriclərinin yeni konsola uyğun olacağı gözlənilir. Orijinal arkada kartriclərini qoşmaq üçün başqa istehsalçıların hazırladığı müasir adapterlərdən də yararlanmaq mümkün olacaq. “Plaion” həmçinin 10 məşhur oyunu yenidən kartric formatında satışa çıxaracaq. Siyahıya “Metal Slug”, “Garou: Mark of the Wolves”, “Pulstar” və “King of Fighters 2002” daxildir.
    Plaion NeoGeo AES+ oyun konsolunun buraxılışını 10 ay təxirə salıb
        Orijinal “NeoGeo” konsolu 1990 - 2004-cü illərdə, ümumilikdə 14 il istehsal olunub. Sistem ev şəraitində arkada aparatları səviyyəsində oyun təcrübəsi təqdim etməsi ilə seçilirdi. Eyni avadanlığın həm ev konsolunda, həm də arkada aparatında işlədilməsi həmin dövr üçün qeyri-adi sayılırdı. Konsol yaddaş kartı və peşəkar ölçülü coystiki ilə də fərqlənirdi. Oyunsuz baza versiyası 399.99 dollara (təxminən 680 manat), 2 coystik, 1 oyun və yaddaş kartının daxil olduğu “Gold” dəsti isə 649.99 dollara (təxminən 1100 manat) satılırdı.
    Plaion NeoGeo AES+ oyun konsolunun buraxılışını 10 ay təxirə salıb
        Konsolun uzun müddət istehsalda qalmasının əsas səbəbi öz dövrü üçün çox güclü avadanlığa sahib olması idi. Sistemdə 7 prosessor və köməkçi prosessor, həmçinin 24 bitlik məlumat xətti olan qrafik çip var idi. Konsol eyni anda 380 hərəkətli qrafik obyekti və 3840 rəngi göstərə bilirdi. İstehsalın son illərində kartriclərin həcmi 716 Mb, yəni 89.5 MB səviyyəsinə çatmışdı. Lakin ekran görüntüsünü birbaşa yaddaşa yazan mexanizm yox idi. Buna görə “Doom” kimi oyunları sistemə uyğunlaşdırmaq çətinləşirdi.
        Yeni konsolun baza dəstinə 1 naqilli coystik daxildir. Bu versiyanın qiyməti 249.99 dollar (təxminən 420 manat) və ya 199.99 avro (təxminən 390 manat) olacaq. Ağ rəngli “Anniversary Edition” versiyasına “Metal Slug” oyunu, simsiz coystik və yaddaş kartı daxil ediləcək. Bu dəst 349.99 dollara (təxminən 590 manat) və ya 299.99 avroya (təxminən 590 manat) satılacaq. “Ultimate Edition” paketində isə bütün 10 oyun, 1 naqilli və 1 simsiz coystik, eləcə də 1 geympad olacaq. Onun qiyməti 999.99 dollar (təxminən 1700 manat) və ya 899.99 avro (təxminən 1780 manat) müəyyən edilib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...