Reddit ABŞ-nin 500 ən böyük şirkətinin indeksinə daxil edilir
Reddit ABŞ fond bazarının ən mühüm göstəricilərindən biri olan S&P 500 indeksinə daxil edilir. Dəyişiklik 18 avqust 2026-cı ildən qüvvəyə minəcək və Reddit indeksdə “Communication Services” sektorunda yer alacaq. Nyu-York Fond Birjasında RDDT kodu ilə ticarət olunan Reddit üçün bu qərar mühüm mərhələ hesab olunur. Şirkət 2024-cü ilin martında birjaya çıxmışdı və təxminən iki il yarım ərzində S&P 500-ə qədər yüksəlməyi bacarıb.
Reddit-in indeksə daxil olması birbaşa başqa şirkətlər arasında baş verən satınalma ilə əlaqədardır. Equity Residential, AvalonBay Communities-i satın alır və birləşmiş şirkət daha sonra Vivmark Residential adlandırılacaq. Beləliklə, S&P 500-də olan iki şirkət birləşdiyi üçün indeksdə bir yer boşalır. İndeks provayderi isə həmin yerə Reddit-i əlavə edir.
S&P 500-ə daxil olacağı xəbəri yayıldıqdan sonra Reddit səhmləri birjadankənar ticarətdə təxminən 11 % bahalaşıb. Bundan əvvəl səhmlər cümə axşamı sessiyasını 158,12 dollar səviyyəsində bağlamışdı. Bu yüksəlişin əsas səbəblərindən biri S&P 500 indeksini izləyən fondlardır. Belə fondlar indeksin strukturunu təkrarlamaq üçün Reddit səhmlərini də portfellərinə əlavə etməli olacaqlar. Nəticədə S&P 500-ə yatırım edən milyonlarla investor dolayı şəkildə Reddit-in də səhmdarına çevriləcək.
Paylaş
