Logo
    main-post-cover

    Samsung enerji şəbəkəsini sabitləşdirmək üçün Grid Beyond startapına sərmayə qoydu

    Digər
    17.03.2026
    Sevinc
    Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, son on ildə elektrik enerjisi şəbəkəsi əvvəlki onilliklərlə müqayisədə daha sürətli dəyişib. Günəş və külək enerjisinin artması, həmçinin batareya texnologiyalarının inkişafı elektrik istehsalını böyük mərkəzləşdirilmiş stansiyalardan daha paylanmış sistemlərə doğru yönəldib. Lakin əsas problem dəyişməz qalır: enerji istehlakının pik saatlarda kəskin artması.
    Dublin mərkəzli enerji texnologiyaları startapı Grid Beyond məhz bu problemi proqram təminatı və enerji saxlama sistemləri vasitəsilə həll etməyi hədəfləyir. Şirkətin həmtəsisçisi Michael Phelan-ın sözlərinə görə, elektrik şəbəkəsində əsas çətinlik enerji çatışmazlığının daimi deyil, məhz pik saatlarda yaranmasıdır. Əksər vaxt kifayət qədər enerji olsa da, yüksək tələbat anlarında sistem balansını qorumaq çətinləşir.
    Bu problem xüsusilə süni intellekt modellərini işlətmək və öyrətmək üçün böyük enerji tələb edən texnologiya şirkətləri və data mərkəzləri üçün daha kəskin hiss olunur. Grid Beyond-un yanaşmasına görə, böyük həcmdə enerji batareyalarda saxlanarsa və ya sənaye müəssisələrinin enerji istehlakı müvəqqəti azaldılarsa, iri data mərkəzlərinin enerji şəbəkəsinə qoşulması daha asan olur. Şirkət müxtəlif enerji mənbələrini vahid sistem kimi işlədən “virtual elektrik stansiyaları” yaradır. Hazırda Grid Beyond təxminən 1 giqavat bərpa olunan enerji və enerji saxlama gücünü idarə edir, eyni zamanda kommersiya və sənaye müəssisələri üzrə bir neçə giqavatlıq enerji tələbatını koordinasiya edir.
    Startap fəaliyyətini genişləndirmək üçün yaxın zamanda Samsung Ventures rəhbərliyində € 12 milyon (təxminən 13,8 milyon dollar) investisiya cəlb edib. Maliyyələşdirmə turunda ABB, Energy Impact Partners, Enterprise Ireland, Yokogawa və digər enerji və texnologiya investorları da iştirak edib. Grid Beyond-un avadanlıqları artıq Avstraliya, İrlandiya, Yaponiya, Böyük Britaniya və ABŞ-də batareya sistemləri, bərpa olunan enerji stansiyaları və iri sənaye obyektlərində quraşdırılıb.
    Şirkətin kökləri İrlandiyaya dayanır. Ada ölkəsi külək enerjisinin payını artırdıqca elektrik şəbəkəsinin balanslaşdırılması daha çətinləşmişdi və çevik enerji idarəetmə sistemlərinə ehtiyac yaranmışdı. Bu isə Grid Beyond üçün ideal inkişaf mühiti yaradıb. Ənənəvi olaraq enerji operatorları yüksək temperatur və ya pik tələbat dövrlərində böyük istehlakçılara enerji istifadəsini azaltmaq üçün ödəniş edirdi. Bu üsul yeni elektrik stansiyaları və ya ötürmə xətlərinin tikintisindən daha ucuz hesab olunur. Batareyaların yayılması isə bu prosesi daha effektiv edib, çünki onlar enerji tələbindəki dəyişikliklərə saniyələr içində reaksiya verə bilir.
    Xüsusilə süni intellekt üçün işləyən data mərkəzləri fasiləsiz deyil, dalğavari enerji istehlakı yaradır və bu da şəbəkədə qeyri-sabitlik riskini artırır. Grid Beyond-un idarə etdiyi batareyalar həmin yüklənmələri udaraq elektrik şəbəkəsində dalğalanmaları azaldır və enerji axınını sabitləşdirir.
    Beləliklə, virtual elektrik stansiyaları və enerji saxlama texnologiyaları həm enerji şəbəkəsinin dayanıqlığını artırır, həm də yeni nəsil data mərkəzlərinin daha sürətli istifadəyə verilməsinə imkan yaradır.
    Paylaş