Samsung işçilərinə rekord bonus: Bəzi əməkdaşlar 416 min dollar ala bilər
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Samsung-un yaddaş çipi bölməsində çalışan əməkdaşlar bu il rekord həcmdə bonus əldə edə bilərlər. Şirkət ilə tətil hədəsi edən yarımkeçirici işçiləri arasında əldə olunan ilkin razılaşmaya əsasən, bəzi əməkdaşların ümumi bonus məbləği 416 min dollara qədər çata bilər. Samsung-un yarımkeçirici bölməsində çalışan işçilər bonus limiti ilə bağlı narazılıq səbəbilə 18 günlük tətil planlaşdırırdılar. Məsələnin əsas səbəbi isə rəqib Cənubi Koreya çip istehsalçısı olan SK Hynix şirkətində AI çiplərinə artan tələbat fonunda əməkdaşlara verilən yüksək bonuslar idi.
Yeni razılaşmaya əsasən, Samsung-un çip bölməsində çalışan bütün əməkdaşlar illik maaşlarının 50 %-i həcmində nağd bonus alacaqlar. Bundan əlavə, şirkət yarımkeçirici əməkdaşları üçün illik əməliyyat mənfəətinin 10.5 %-ni səhm əsaslı bonus fonduna ayıracaq. Bonusların bölüşdürülməsi isə ayrıca müzakirə mövzusu olub. Razılaşmaya görə, ümumi fondun 40 %-i bütün yarımkeçirici bölməsi üzrə paylanacaq. Qalan hissə isə hazırda AI bumundan ən çox faydalanan yaddaş çipi bölməsinə yönləndiriləcək. Həmkarlar ittifaqı bu vəsaitin daha bərabər paylanmasını istəyirdi.
Məlumata görə, illik baza maaşı təxminən 50 min dollar olan bir yaddaş çipi əməkdaşı nəzəri olaraq ümumilikdə 416 min dollar bonus ala bilər. Bu isə təxminən 340 min dollarlıq əlavə mükafat deməkdir. Maraqlıdır ki, bu rəqəmlər rekord görünsə də, analitiklər hesab edir ki, razılaşma əslində Samsung üçün daha sərfəlidir. Çünki rəqib SK Hynix bonusları həm nağd, həm də səhm formasında ödəyə bilir. Samsung isə bonusların böyük hissəsini səhm şəklində təqdim edir və ödənişləri şirkətin mənfəət hədəflərinə bağlayır.
Paylaş