main-post-cover

    'Sapiens' və 'Homo Deus' kitablarının müəllifi Yuval Noah Harari: Koronavirusdan sonrakı dünya

    Digər
    05.04.2020
    Emil Nəcəfov
        İnsan sivilizasiyası qlobal böhran yaşayır. Bu bəlkə də bizim nəslimizin ən böyük böhranıdır. İnsanların və hökumətlərin yaxın bir neçə həftədə verəcəkləri qərarlar dünyanın növbəti illərdə necə formalaşacağına təsir göstərəcəklər. Bu qərarlar təkcə bizim səhiyyə sistemimizə deyil həm də bizim iqtisadiyyatımıza, siyasətimizə və mədəniyyətimizə təsir edəcəklər. Biz, sürətli, qərarlı şəkildə hərəkət etməli və qərarlarımızın uzunmüddətli perspektivdə nəticələrini nəzərə almalıyıq. Alternativ qərarları müqayisə edən zaman biz təhlükələri necə geridə qoyacağımızı və həmçinin “qasırğa”dan sonra necə bir dünyada yaşayacağımızı nəzərə almalıyıq.
        Bu barədə fikirlərini “Sapiens: A Brief History of Humankind” və “Homo Deus: A Brief History of Tomorrow” kimi məşhur kitabların müəllifi israilli tarixçi Yuval Noah Harari, Financial Times saytına yazmış olduğu məqaləsində qeyd edib. Bəli, "qasırğa" sona çatacaq, insanlar sağ qalacaqlar. Bizlərdən çoxumuz yaşamağa davam edəcəyik. Lakin biz artıq tamamilə başqa bir dünyada yaşayacağıq. Bir çox qısamüddətli fövqəladə tədbirlər həyatın ayrılmaz bir hssəsinə çevriləcəklər. Fövqəladə vəziyyətlərin təbiəti məhz belədir. Həmin fövqəladə vəziyyyətlər isə tarixi prosesləri sürətləndirirlər. Adi vaxtda illərlə müzakirə edilən qərarlar indiki vaxtda ani şəkildə qəbul olunurlar.
        Tam hazır olmayan və hətta təhlükəli texnologiyalar istifadəyə verilir. Çünki hərəkətsiz qalmaq daha baha başa gələ bilər. Bir çox ölkələr qlobal sosial təcrübədə “dəniz donuzcuğu”na çevriliblər. Hamı evdən çalışan və məsafəli ünsiyyət yaradan zaman nə baş verir? Bütün universitet və məktəblər online formata keçid edəndən sonra nə baş verir? Adi vaxtlarda hökumətlər, müəssisələr və təhsil ocaqları heç zaman bu cür addımı atmazdılar. Lakin bugün adi vaxtlardakı kimi sakitlik yoxdur. Bu böhran vaxtı bizim qarşımızda iki yol var. Birinci yol totalitar izlənmə ilə vətəndaşların hüquq və imkanlarının genişləndirilməsi arasındakı seçim, ikinci yol isə beynəlxalq prinsip üzrə təcrid olunmaq ilə qlobal həmrəylik arasındakı seçimdir.
        Pandemiyanın qarşısını almaq üçün Yer kürəsinin bütün əhalisi müəyyən edilmiş prinsiplərə riayət etməlidir. Buna isə iki üsul ilə nail olmaq olar. Birinci üsul ondan ibarətdir ki, hökumət insanları idarə edir və qanunu pozanları cəzalandırır. Bugün insan sivilizasiyası tarixində ilk dəfə olaraq texnologiyalar hamını mütəmadi şəkildə idarə etməyə imkan verirlər. 50 il bundan öncə hətta SSRİ Dövlət Təhlükəsizlik Komitəsi belə 24 saat ərzində 240 milyon sovet vətəndaşını izləyə bilmirdi. Bundan əlavə olaraq SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əmin deyil idi ki, əldə edilmiş məlumatlar effektiv şəkildə emal olunurlar. Bu halda onlar insan casuslarına və analitiklərə güvənirdilər.
        Buna baxmayaraq onlar hansısa casusu hər bir vətəndaşın izlənməsinə məcbur edə bilmirdilər. Lakin indi dövlətlər bir çox müxtəlif ötürücülərə və güclü alqoritmlərə arxayın ola bilərlər. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində artıq bir sıra dövlətlər yeni izlənmə alətlərini işə salıblar. Bu məsələdə ən bariz nümunə Çindir. İnsanların üzlərini skan etməyə qadir 100 milyonlarla kameradan istifadə edərək onların smartfonlarının yerlərini dəqiqliklə təyin etməklə və öz vətəndaşlarını bədən temperaturu ilə səhhətlərinin yoxlanıb bu barədə məlumat verilməsini məcbur etməklə Çin hökuməti potensial koronavirus daşıyıcısını tez bir zamanda aşkar etməklə yanaşı həmçinin onların hərəkət istiqamətlərini və kimlərlə ünsiyyətdə olduqlarını təyin edə bilir.
        Həmçinin mobil tətbiqlər mövcuddur hansılar ki, insanlara xəbərdarlıq edirlər ki, onlar virusa yoluxmuş şəxslərə yaxın məsafədə yerləşirlər. Lakin bu cür texnologiyaların istifadəsi təkcə Şərqi Asiya ilə məhdudlaşmır. İsrailin baş naziri Benyamin Netanyahu bir neçə müddət bundan öncə İsrailin təhlükəsizlik agentliyinə göstəriş verdi ki, terrorçular üçün nəzərdə tutulmuş izləmə texnologiyaları koronavirusa yoluxmuş insanların təyin olunmasında istifadə olunsun. Parlament komitəsi bu qərarı reallaşdırmaqdan imtina edən zaman isə Netanyahu zösügedən qərarı “fövqəladə göstəriş” səviyyəsinə qaldırdı.
        Sizə elə gələ bilər ki, bunda yeni bir şey yoxdur. Lakin son illərdə hökumətlər və korporasiyalar insanların izlənməsi, monitorinqi və manipulyasiyası üçün yeni texnologiyalardan istifadə edirlər. Buna baxmayaraq əgər biz diqqətli olmasaq dünyada yayılan epidemiya geri dönüşü mümkün olmayan nəticələrə çevriləcək. Təkcə ona görə yox ki, bu məsələ indiyənə kimi izləmə üsullarına əl atmamış ölkələrdə bu cür üsulların reallaşdırılmasını normal hala salacaq. Lakin bu daha çox ona gətirib çıxaracaq ki, gizli izlənmə səviyyəsindən bilinən və total izlənməyə keçid olunacaq. İndiyənə kimi sizin barmağınız smartfon ekranına toxunaraq hansısa linkə daxil olan zaman hökumət bilmək istəyirdi ki. sizin barmağınız hansı linkə daxil olmağınıza yardımçı olur. Lakin koronavirus pandemiyası maraq dairəsini dəyişir. İnd hökumət sizin barmağınızın temperaturunu və barmaq dərisinin altında yerləşən qan təzyiqinin vəziyyətini öyrənmək istəyir.
        Əsas problemlərdən biri də odur ki, heç kim bizim necə izləndiyimizi və gələcəkdə bunun nəyə çevriləcəyini bilmir. Videoizləmə texnologiyaları sürətli şəkildə inkişaf edirlər və 10 il bundan öncə elmi fantastika hesab olunan bir şey bugünki gündə köhnəlmmiş məlumat hesab olunur. Nəzəri cəhətdən elə bir dövlət təsvir edək harda ki, hər bir vətəndaşın biometrik qolbaq gəzdirməyi tələb olunur. Təsəvvür edək ki, həmin qolbaq 24 saat ərzində bədən temperaturunu və ürək döyüntülərinin tezliyini ölçür. Əldə edilmiş məlumatlar dövlət tərəfindən yaradılmış alqoritmlər vasitəsilə yığılır və analiz olunur. Alqoritmlər sizin xəstə olduğunuzu sizdən daha öncə biləcəklər. Bundan əlavə olaraq onlar sizin harda olduğunuzu və kimlərlə ünsiyyət yaratdığınızı da biləcəklər. Beləliklə infeksiya zəncirinin yayılması kəskin şəkildə azala və hətta tamamilə dayandırıla bilər. Bu cür sistem epidemiyanın yayılmasını bir neçə gün ərzində dayandıra bilər. Qulağa çox xoş səslənir elə deyilmi?
        Əsas məsələ ondadır ki, bu, qorxuducu total izlənmə sisteminə legitimlik verəcək. Məsələn əgər siz bilsəniz ki, mən, CNN linki əvəzinə Fox News linkinə klikləmişəm, bu, sizə mənim siyasi seçimlərimdən və hətta şəxsiyyətimdən də xəbər verəcək. Əgər siz bilsəniz ki, mən hansısa videoya baxan zaman mənim bədənimin temperaturu, qan təzyiqi və ürək döyüntüləri ilə nələr baş verir, siz artıq öyrənə biləcəksiniz ki, məni gülməyə, ağlamağa və ya hirslənməyə nə vadar edir.
        Əsas onu yadda saxlamaq lazımdır ki, qəzəb, sevinc, sevgi və sıxıntı halları qızdırma və öskürək kimi bioloji hallardır. Öskürəyi təyin etməyi bacaran texnologiya asanlıqla insanın gülüşünü də təyin edə bilər. Əgər korporasiyalar və hökumətlər bizlərin biometrik məlumatlarımızı yığmağa başlasalar, onlar bizim haqqımızda hər şeyi bizdən daha yaxşı biləcəklər. Bu halda onlar bizim hislərimizi öncədən başa düşməklə yanaşı onları manipulyasiya da edə bilərlər. Beləliklə onlar bizlərə istədikləri hər bir şeyi sata biləcəklər. Cambridge Analytica məlumatlar bazasının hack olunması taktikası insanların biometrik monitorinqləri ilə müqayisədə daş dövründə qalmış bir üsuldur. Şimali Koreyanı 2030-cu ildə təsəvvür edin. O il hansında ki, hər bir Şimali Koreya vətəndaşı 24 saat ərzində biometrik qolbaq gəzdirmək məcburiyyətində qalır. Əgər siz dövlət başçısının çıxışını dinləyən zaman biometrik qolbaq sizin qəzəbinizi təyin etsə deməli sizin sonunuz çatıb.
        Təbii ki, siz, biometrk izlənmə üsulunu fövqəladə vəziyyət zamanı qəbul edilmiş müvəqqəti həll kimi qəbul edə bilərsiniz. Lakin müvəqqəti qəbul edilmiş qərarlar uzadılma ənənəsinə sahib olurlar. Əsasən ona görə ki, qarşıda həmişə hansısa digər bir təhlükə olur. Məsələn mənim doğma ölkəm olan İsrail 1948-ci ildə olmuş azadlıq uğrunda müharibə zamanı fövqəladə vəziyyət elan etmişdi. Həmin fövqəladə vəziyyət mətbuat senzurası və torpaqların müsadirə olunmasından tutmuş hətta pudinqin xüsusi hazırlanma qaydalarına kimi olan bir çox müvəqqəti qərarlara bəraət qazandırırdı. Azadlıq uğrunda müharibə çoxdan bitib və azadlıq əldə olunub. Lakin İsrail 1948-ci ildə qəbul etdiyi müvəqqəti qərarların çox hissəsini ləğv etməyib.
        Hətta koronavirusdan yoluxanların sayı sıfıra enən zaman hökumətlər deyə bilərlər ki, biometrik izlənmə üsulunun saxlanmasının əsas səbəbi ondadır ki, virusla yoluxma halı yenidən baş verə bilər. Siz bunun necə çalışdığını anladınız. Son illərdə bizim konfidensiallığımız uğrunda böyük müharibə gedir. Koronavirus bu qarşıdurmada həlledici rolu oynaya bilər. Çünki, adətən insanların qarşısına özəl həyat ilə sağlam həyat arasında seçim qoyanda onlar sağlam həyatı seçirlər.
        Əslində problem məhz ondan ibarətdir ki, insanları konfidensiallıq ilə sağlam həyat arasındakı seçimə məruz qoyurlar. Bu, səhv seçimdir. Biz həm konfidensiallıqdan həm də sağlam həyatdan həzz ala bilərik və bilməliyik də. Biz öz sağlamlığımızı qoruya bilərik və koronavirusun qarşısını totalitar izlənmə üsulu ilə deyil insanların hüquq və imkanlarını yüksəldərək ala bilərik. Bu müddət ərzində koronavirusun qarşısının alınmasında ən uğurlu hərəkət edən Cənubi Koreya, Tayvan və Sinqapur oldular. Digər ölkələrdən fərqli olaraq sadalanmış ölkələr müəyyən səviyyədə izlənmə üçün tətbiqlərdən istifadə etsələr də daha çox hərtərəfli yoxlanışa, doğru hesabata və yaxşı məlumatlandırılmış cəmiyyətin könüllü əməkdaşlığına ümid etdilər.
        Mərkəzləşdirilmiş monitorinq və sərt cəzalar insanların qaydalara riayət etmələrinə imkan verən yeganə üsullar deyil. İnsanların elmi faktlar barəsində məlumatlandırılması və onların dövlət orqanlarına güvəndikləri zaman hətta Böyük Qardaşın (“1984” romanının personajı) onları izləmədiyi halında da insanlar düzgün qərarları vermək imkanına sahib olurlar. Motivasiya edilmiş və məlumatlandırılmış əhali qorxu içində yaşayan və polislər tərəfindən təzyiqlərə məruz qalan əhalidən daha effektiv və nüfuzlu olur.
        Əllərin sabunla yuyulması misalına nəzər salaq. Bu, insan gigiyenası tarixinin ən böyük nailiyyətlərindən biridir. Bu sadə proses hər il milyonlarla insanın həyatını xilas edir. Bugün biz bu prosesin vacibliyini dərk edirik. Lakin əllərin sabunla yuyulması vacibliyi alimlər tərəfindən yalnız 19-cu əsrdə təsdiqlənmişdi. Ondan əvvəl isə hətta həkimlər və tibb bacıları da əllərini sabunla yumadan bir tibbi əməliyyatdan digərinə keçirdilər. Bugün milyardlarla insan əllərini sabunla ona görə yuyurlar ki, onlar bunun vacibliyini dərk edirlər. Ona görə yox ki, onlar buna nəzarət edənlərdən qorxurlar. Mən əllərimi sabunla yuyuram. Çünki mən, virus və bakteriyalar barəsində eşitmişəm. Mən başa düşürəm ki, bu kiçik orqanizmlər müxtəlif xəstəliklərin yaranmasına səbəb olurlar və sabunla yuyunmaq onların qarşısını almağa yardımçı olur.
        Lakin bucür əməkdaşlıq səviyyəsini əldə etmək üçün müəyyən səviyyəli güvən lazımdır. İnsanlar elmə, dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə güvənməlidirlər. Son bir neçə il ərzində məsuliyyətsiz siyasətçilər insanların bu güvənlərini heç etdilər. İndi isə həmin məsuliyyətsiz siyasətsiçilər cəmiyyətin düzgün qərar verə bilməməsi nəticəsində sizlərin həmin qərara güvənməməli olduğunuzu söyləyərək avtoritarizm yolu ilə gedə bilərlər.
        Adətən illər ərzində məhv edilmiş güvən ani şəkildə bərpa oluna bilməz. Lakin bu, normal olan vaxtlar deyil. Böhran dövründə ağıllar sürətli şəkildə dəyişə bilərlər. Siz öz bacı, qardaşlarınızla illərlə mübahisə edə bilərsiniz. Lakin hansısa fövqəladə vəziyyət yaranan zaman siz gizli güvən ehtiyatı aşkar edərək bir-birinizə yardım etməyə çalışırsınız. İzlənmə rejiminin qurulması yerinə nsanların elmə, dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə etibarlarını bərpa etmək heç də gec deyil. Biz yeni texnologiyalardan da istifadə etməliyik. Lakin bu texnologiyalar insanların imkanlarını genişləndirməlidirlər.
        Mən öz bədənimin temperaturunun və qan təzyqinin monitorinq olunmasına razıyam. Amma bu məlumatlar böyük gücə sahib dövlətin yaranmasında istifadə olunmamalıdır. Çox güman ki, həmin məlumatlar mənə düzgün və daha özəl qərarın verilməsinə və öz seçimlərinə görə dövlətin məsuliyyətə cəlb olunmasına yardımçı olmalıdırlar. Əgər mən öz səhhətimi 24 aat ərzində izləyə bilsəydim, mən digər şəxsə hansı səviyyədə təhlükə daşıdığımdan əlavə hansı vərdişlərin öz sağlamlığıma nə cür təsir etdiklərini də bilərdim.
        Və əgər mən, koronavirusun yayılması barəsində məlumatları əldə edərək onları analiz edə bilsəydim, onda mən, dövlətin mənə doğru məlumat verib-verməməsini və epidemiyanın yayılmasına qarşı onun düzgün siyasət yürüdüb-yürütmədiyini biləcəkdim. İnsanlar hər dəfə izlənmə barəsində danışanda yadınızda saxlayın ki, eyni texnologiyadan təkcə hökumətlər ayrı-ayrı şəxslərin monitorinqində deyil həm də ayrı-ayrı şəxslər hökumətlərin monitorinqində istifadə edirlər.
        Beləliklə koronavirus bütün vətəndaşlar üçün ciddi sınağa çevrilir. Növbəti günlərdə biz, məsuliyyətsiz siyasətçilərin dəstəkləri əvəzinə elmi məlumatları seçməli və səhiyyə sahəsindəki mütəxəssislərə güvənməliyik. Əgər biz düzgün seçim etməsək, sağlamlığımızı qorumağın yeganə yolunun avtoritarizm olması bəhanəsi ilə qiymətli azadlıqlarımızdan məhrum ola bilərik.
        Bizim rastlaşdığımız ikinci vacib seçim isə milli izolyasiya ilə qlobal həmrəylik arasındadır. Bunun nəticəsi olaraq epidemiyanın özü və iqtisadi böhran qlobal problemlərə çevriliblər. Bu problemlər qlobal əməkdaşlıq sayəsində həll oluna bilərlər. Virusa qalib gəlmək üçün ilk öncə biz, bütün dünyada məlumat mübadiləsini reallaşdırmalıyıq. Bu, insanların müxtəlif viruslar qarşısında olan üstünlükləridir. Çindəki koronavirus ilə ABŞ-dakı koronavirus insanların necə yaxşı yoluxması üzrə bir-biriləri ilə məsləhətləşməyiblər. Lakin Çin koronavirusa qarşı mübarizə və ona qalib gəlinməsi barəsində ABŞ-a yaxşı dərs keçə bilər. Milandakı həkimin səhər tezdən aşkar edəcəyi hansısa bir şey axşam Tehranda yaşayan kiminsə həyatını xilas edə bilər. Böyük Britaniya hökuməti bir neçə siyasi qərar arasında qalan zaman o, 1 ay bundan öncə eyni vəziyyət ilə qarşılaşmış koreyayılardan məsləhət ala bilər. Lakin bunun üçün biz, qlobal əməkdaşlıq və güvən ruhuna sahib olmalıyıq.
        Ölkələr öz aralarında açıq şəkildə məlumat mübadiləsi aparmalı, bir-birilərindən məsləhət almalı və əldə edilmiş məlumatlara güvənməlidirlər. Bizə həmçinin tibbi avadanlıqların istehsalı və yayılması üçün qlobal güclər lazımdır. Hər bir ayrı-ayrı ölkədə lokal şəkildə bunu etmək və müəyyən sayda avadanlıq yığmaq əvəzinə koordinasiya edilmiş səylər tibbi avadanlıqların istehsalatlarının sürətləndirilməsinə və onların daha düzgün şəkildə paylanmasına şərait yaradardı. Müharibə zamanı ölkələrin vacib istehsalat sahələrini milliləşdirdikləri kimi koronavirusa qarşı olan insan müharibəsi də bizdən vacib istehsalat xətlərinin humanistləşdirilməsini tələb edəcək. Koronavirusun az yayıldığı varlı ölkə daha kasıb ölkələrə humanitar yardım göndərməyə hazır olmalı və inanmalıdır ki, onun özü çətin vəziyyətdə qalan zaman digər ölkələr onun yardımına gələcəklər.
        Biz, eyni qlobal səyləri tibb işçilərinin birləşməsinə də aid edə bilərik. Belə ki, koronavirusdan az zərər çəkmiş ölkələr öz tibb işçilərini vəziyyətin daha ağır olduğu ölkələrə göndərə bilərlər. Beləliklə həmin tibb işçiləri həm yardım etmiş olacaqlar həm də qiymətli təcrübə qazanacaqlar. Qlobal əməkdaşlıq iqtisadi sahədə də çox vacibdir. İqtisadiyyatın qlobal xarakterini və istehsalat zəncirlərini nəzərə alaraq hər bir hökumət digərini fikirləşmədən öz işini görsə, bu, xaosa və daha da dərin böhrana gətirib çıxardacaq. Bizə tez bir zamanda qlobal hərəkət planı lazımdır.
        Daha bir vacib ehtiyac səyahətlər ilə bağlı qlobal razılaşmanın əldə olunması ilə bağlıdır. Bütün beynəlxalq səyahətlərin aylarla dayandırılması koronavirusa qarşı müabrizəni daha da çətinləşdirəcək. Müəyyən kateqoriyalı insanlara sərhədləri keçmək imkanını yaratmaq üçün ölkələr öz aralarında əməkdaşlıq etməlidirlər. Söhbət, alimlərdən, həkimlərdən, jurnalistlərdən, siyasətçilərdən və biznesmenlərdən gedir. Bu qərar həmin şəxslərin səyahətdən öncə öz ölkələrində diqqətli yoxlanmaları şərtilə qəbul oluna bilər. Əgər siz bilsəz ki, təyyarəyə diqqətlə yoxlanılmış şəxslər buraxılır, siz həvəslə onları öz ölkənizə buraxardınız.
        Təəssüflər olsun ki, ölkələr sadalanmışlardan hansılarınısa çətin ki, reallaşdırırlar. Kollektiv ifliclik beynəlxalq ictimaiyyəti əhatə edir. Sanki otaqda yaşca böyük insan yoxdur. Güman etmək olardı ki, bir neçə həftə bundan öncə dünya liderlərinin fövqəladə görüşü keçiriləcək və həmin görüşdə vahid plan tərtib olunacaq. Böyük yeddiliyin liderləri öz aralarında videokonfransı yalnız bir neçə müddət bundan öncə reallaşdıra biliblər və həmin videokonfrans nəticəsində heç bir plan tərtib olunmayıb. 2008-ci ildəki maliyyə böhranı və 2014-cü ildəki Ebola epidemiyası kimi keçmiş qlobal böhranlar çərçivəsində ABŞ qlobal lider rolunda çıxış etmişdi. Lakin hal hazırki ABŞ administrasiyası bu cür roldan imtina edib. Ağ Ev öz qərarları ilə tam aydın şəkildə qeyd etdi ki, o, insanlığın gələcəyi yerinə ABŞ-ın əzəmətliliyinə daha çox diqqət ayırır.
        Hal hazırki ABŞ administrasiyası hətta öz yaxın müttəfiqlərindən də imtina edib. Avropa Birliyi ölkələrindən ABŞ-a olan səyahətlərin qadağan olunmasından öncə Avropa Birliyi bu barədə heç bir məlumat əldə etməyib. Bu cür ciddi qərarın məqsədəuyğun olub-olmaması barəsində hətta konsultasiya da təşkil edilməyib. Almaniyanın əczaçılıq şirkətinə guya 1 milyard dollar təklifi müqabilində COVID-19-a qarşı olan yeni vaksinin monopoliya hüquqlarının əldə olunması xəbəri ortaya çıxan zaman Almaniya hökuməti şoka düşmüşdü.
        Hətta əgər hal hazırki ABŞ administrasiyası qlobal hərəkət planı hazırlasa da, hamı o dəqiqə məsuliyyəti öz üzərinə götürməyən liderin ardınca getməyəcək. Səhvləri qəbul etməyən və adətən bütün günahları başqalarının üzərinə atanın ardınca heç kim getməyəcək. Əgər ABŞ tərəfindən qoyulmuş boşluq digər ölkələr tərəfindən doldurulmasa, hal hazırki epidemiyanın qarşısını almaq çətin olacaq və bundan əlavə olaraq onun nəticələri uzun illər ərzində beynəlxalq münasibətlərə təsir göstərəcək.
        Buna baxmayaraq hər bir böhran yeni bir imkan deməkdir. Biz ümid etməliyik ki, indiki epidemiya insanlara qlobal izolyasiyanın ciddi təhlükəsini anlamağa yardımçı olacaq. İnsanlar seçim etməlidirlər: Biz qlobal izolyasiya yolu ilə yoxsa qlobal həmrəylik yolu ilə gedəcəyik? Əgər biz, qlobal izolyasiyanı seçsək, bu çox güman ki, gələcəkdə olacaq daha böyük fəlakətlərə yol açacaq. Lakin əgər biz, qlobal həmrəylik yolu ilə getsək, 21-ci əsrdə insanlığa qarşı ola biləcək istənilən virusa və ya digər böhrana qalib gəlmək mümkün olacaq.
    Linki kopyala