SK Hynix ABŞ birjasına çıxır
Cənubi Koreyanın aparıcı yaddaş çipi istehsalçılarından biri olan SK Hynix ABŞ fond bazarına çıxmağa hazırlaşır. Şirkət ABŞ-də keçiriləcək IPO çərçivəsində təxminən 17,8 milyon səhm satmağı planlaşdırır və bu satışın uğurlu olması halında 28 milyard dollara qədər vəsait cəlb edə bilər. SK Hynix ABŞ investorlarına birbaşa səhmlər deyil, Amerika Depozitar Qəbzləri (ADR) təqdim edəcək. Bu mexanizm amerikalı investorların xarici şirkətlərin səhmlərinə yerli bazarda investisiya etməsinə imkan yaradır. Hər ADR şirkətin adi səhminin onda bir hissəsini təmsil edəcək.
Şirkətin ABŞ bazarına çıxışı süni intellekt sektorunda yaşanan böyük bumun fonunda baş verir. SK Hynix-in 2026-cı ilin birinci rübündə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 200 faiz artıb, şirkətin səhmləri isə bu il ərzində 260 faizdən çox dəyər qazanıb. Bu artımın əsas səbəbi süni intellekt sistemlərinin böyük həcmdə yaddaş çiplərinə ehtiyac duymasıdır. Amazon, Microsoft, Google və Oracle kimi texnologiya nəhəngləri yeni AI məlumat mərkəzləri qurduqca HBM, DRAM və NAND kimi yaddaş çiplərinə tələbat təklifi üstələyib. Sənayedə yaranan bu vəziyyət artıq "RAMageddon", yəni yaddaş çipi böhranı kimi adlandırılır.
Hətta Apple rəhbərliyi də yaddaş çatışmazlığının bəzi məhsulların, o cümlədən Mac kompüterləri və iPad-lərin qiymətlərinin artmasına səbəb olduğunu bildirib. SK Hynix və digər Cənubi Koreya texnologiya şirkətləri, xüsusilə Samsung Electronics, gələcək tələbatı qarşılamaq üçün yeni istehsal güclərinin yaradılmasına 550 milyard dollardan çox investisiya yatırmağı planlaşdırırlar. Bununla belə, analitiklər xəbərdarlıq edirlər ki, AI bazarındakı tələbat gələcəkdə dəyişərsə, bu qədər böyük istehsal gücü yaddaş çiplərinin qiymətlərinin kəskin ucuzlaşmasına səbəb ola bilər.
Paylaş