SpaceX birjaya çıxır
Technote.az “TNW” platformasına istinadən bildirir ki, SpaceX şirkətinin IPO prosesi ilə bağlı təqdim etdiyi S-1 sənədi ictimaiyyətə açıqlanıb və bu sənəd şirkətin idarəetmə strukturu ilə bağlı mühüm detalları üzə çıxarıb. Sənədə əsasən, Elon Musk və digər daxili investorlar şirkət birjaya çıxsa belə, əsas səsvermə nəzarətini əllərində saxlayacaqlar.
Məlumata görə, Musk SpaceX-in təxminən 42 %-lik payına sahib olsa da, xüsusi “iki sinifli səhmlər” (dual-class share structure) vasitəsilə ümumi səs hüquqlarının təxminən 79 %-nə nəzarət edir. Bu struktur o deməkdir ki, adi investorlar şirkətin səhmlərini alsalar belə, qərarvermə prosesinə ciddi təsir göstərə bilməyəcəklər.
Şirkət iyun ayında birjaya çıxmağı planlaşdırır və təxminən 1,75 trilyon dollar dəyər qiymətləndirilməsi ilə 75 milyard dollara qədər vəsait cəlb etməyi hədəfləyir. Bu, tarixdə ən böyük IPO-lardan biri ola bilər və hətta Saudi Aramco rekordunu geridə qoya bilər.
SpaceX-in maliyyə göstəriciləri də ilk dəfə bu sənəddə detallı şəkildə açıqlanıb. Şirkətin raket buraxılışı və Starlink xidmətləri 2025-ci ildə ümumilikdə 15–16 milyard dollar gəlir əldə edib, təxminən 8 milyard dollar mənfəət qeydə alınıb. Xüsusilə Starlink 9,2 milyon abunəçi ilə 10 milyard dollardan çox gəlir gətirib.
IPO öncəsi ən diqqətçəkən dəyişikliklərdən biri də SpaceX-in xAI şirkətini satın almasıdır. 2026-cı ilin fevralında baş tutan bu razılaşma nəticəsində SpaceX artıq yalnız kosmik şirkət deyil, həm də süni intellekt infrastrukturu istiqamətində fəaliyyət göstərən böyük bir texnologiya platformasına çevrilib. Şirkət “Orbital AI Data Centers” kimi layihələrlə peyk interneti və süni intellekti birləşdirməyi planlaşdırır.
Paylaş